Britaniyanın Kinqston-apon-Xall şəhərində maraqlı qarət hadisəsi baş verib. Belə ki, satıcının piştaxtasına yaxınlaşan oğru ondan kassanı boşaltmağı tələb etsə də, sonuncu həmin anda çay içdiyi üçün ona gözləməsini tapşırıb.
Lenta.ru saytı “The Telegraph”a istinadən xəbər verir ki, satıcı Karamjit Sanqa bildirib ki, oğru ondan bütün pullarını tələb edəndə o, olduqca sakit davranıb: “Mən ona öncə cavab verdim ki, çay içdiyim üçün gözləsin. Amma o, növbəti dəfə eyni şeyi tələb edəndə mən kassanın yanındakı bıçağı götürüb onun üzünün qabağında oynatdım. Bu, ona qorxub qaçması üçün kifayət etdi. Mən ona ziyan vermək istəməzdim. Sadəcə bircə dəfə qorxutmaq bəs etdi ki, geri çəkilsin”.
Polis tez bir zamanda şübhəli şəxsi yaxalayıb. Bu, şəhər sakini Stüart Qlison olub. Şəhər məhkəməsi onu oğurluğa cəhdə, qanunsuz silah daşımağa, saxta pullar saxlamağa görə ittiham edərək, 5 il müddətinə azadlıqdan məhrum edib.
sonxeberler.info