Bu sistemin detalları və üstünlükləri barədə bilmədiklərimiz...
Yolu Avropaya düşənlər bu məsələdə xeyli əziyyət çəkirlər. Şengen vizası almaq, bu prosedurları uzun-uzadı həyata keçirmək xeyli vaxt alır. Bəzi hallarda isə müraciətinə mənfi cavab verilir. Halbuki sadələşdirilmiş viza rejimi sayəsində insanlar bu problemdən də rahatlıqla qurtula bilirlər. Nədir bu sistem və hansı özəllikləri var?
Sadələşdirilmiş viza - açması?
29 noyabr 2013-cü il tarixində Vilnüsdə keçirilən III “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması birliklə Azərbaycanın əməkdaşlığında mühüm mərhələdir. Saziş Azərbaycan vətəndaşlarına Şengen məkanına, həmçinin Aİ ölkələrinin vətəndaşlarına Azərbaycana daha rahat səfər etmələrinə əlverişli şərait yaratmaqla, Aİ və Azərbaycan arasında qarşılıqlı əlaqələri bundan sonra da təşviq edəcək, daha da dərinləşməsinə imkan yaradacaq. Uzun müddətdir ki, reallaşması nəzərdə tutulan, müxtəlif istiqamətli əməli fəaliyyətin, Azərbaycan siyasi iradəsinin nəticəsində baş tutan sazişin ölkəmizə, vətəndaşlara gətirdiyi üstünlüklər baxımından perspektivləri aşağıdakı kimi sadalamaq olar:
- Müqavilə ilk öncə Avropa ilə Azərbaycan arasında təmasların güclənməsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək;
- Vətəndaşlarımızın Avropa ölkələrinə işgüzar, turizm və digər məqsədlərlə səfərlərinin asanlaşması, bu sahədə mövcud bir sıra problemlərin, xüsusilə bürokratik əngəllərin aradan qaldırılması mümkünləşəcək;
- Müqavilə Aviasiya Məkanı üzrə sazişə dair danışıqların başlanmasını da təmin etmiş oldu;
- Müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün Şengen vizaları pulsuz təklif olunacaq. Bu siyahı kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, Şengen ölkəsində yaşayanların yaxın qohumlar, jurnalistlər, konfrans və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr daxildir;
- Sazişin imzalanması viza verilməsi probleminin də sadələşməsinə gətirib çıxaracaq. Belə ki, vizaların verilməsi üçün tələb edilən müddət 2 dəfə azaldılacaq. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq;
- Viza alınması üçün tələb edilən sənədlərin sayı kəskin azalacaq;
- Sazişin digər üstünlüyü vətəndaşların ölkəyə qayıdaraq səfirliyi müraciət etmək imkanları olmadığı halda Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar.
Anlaşmanın əsas məqsədi Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi, birlik üzvü olan ölkə vətəndaşlarının daha səmərəli və asan mexanizmlərlə viza almasını, Avropa Birliyi ilə Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da genişləndirilməsini özündə ehtiva edir. Saziş birliklə ölkəmiz arasındakı əlaqələrin yeni formatda davamına və mütəffiqliyin dərinləşməsinə təkan verir. Bununla Azərbaycan ənənəvi xarici siyasət kursuna sadiqliyini nümayiş etdirərək, nüfuzlu beynəlxalq və regional qurumlarla əlaqələrini milli mənafe və maraqların maksimum şəkildə təmini rakursunda reallaşdırdığını bir daha təsdiqlədi. Bu, Azərbaycan dövlətçilik strategiyasının prioritet istiqaməti, məramıdır.
Azərbaycanla İsveçrə arasında sadələşdirilmiş vizanın detalları
Məsələn, bu ilin mart ayından etibarən Azərbaycanla İsveçrə arasında viza rejiminin sadələşdirilməsi haqqında saziş qüvvəyə minib. Bu barədə saziş ötən il oktyabrın 10-da İsveçrənin Bern şəhərində imzalanıb və dekabrın 16-da Azərbaycan prezidenti tərəfindən təsdiq edilib. Bununla yanaşı, iki ölkə arasında “İcazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” saziş də qüvvəyə minib.
Sazişə əsasən diplomatik və xidməti pasportlara malik şəxslər iki ölkə arasında vizasız səyahət edə bilirlər. Bundan əlavə, bir çox kateqoriyadan olan şəxslər, o cümlədən yaxın qohumlar (ər-arvad, uşaqlar, valideynlər, babalar, nənələr və nəvələr), rəsmi nümayəndə heyətlərinin üzvləri, iş adamları və kommersiya təşkilatlarının nümayəndələri, təhsil və ya təlim məqsədilə səyahət edən şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, elmi, akademik, mədəni və ya incəsənət tədbirlərində iştirak edən şəxslər, jurnalistlər, beynəlxalq idman tədbirlərinin iştirakçıları, tibbi məqsədlərlə səyahət edən şəxslər, beynəlxalq yükdaşımanı və sərnişin daşıma xidmətlərini həyata keçirən sürücülər və s. sadələşdirilmiş qaydada viza əldə edə bilirlər.
Sazişin vətəndaşlara yaratdığı digər üstünlükləri çoxdəfəlik və uzunmüddətli, yəni etibarlılıq müddəti 1, 2 və ya 5 il olan vizaların alınmasının sadələşdirilməsi, habelə viza üçün tutulan rüsumun 35 avroya endirilməsidir. Eyni zamanda yaxın qohumlar, rəsmi nümayəndə heyətlərinin üzvləri, şagirdlər, tələbələr, doktorantlar və müşayiət edən müəllimlər, idmançılar, elmi, mədəni və incəsənət tədbirlərində iştirak edən şəxslər, təcili tibbi müalicə məqsədilə səyahət edənlər, təqaüdçülər, 18 yaşadək olan uşaqlar, jurnalistlər və s. viza rüsumundan azad edilirlər.
Biz 1995-ci ildən Şengeni tanımışıq, bəs sonra?
Viza almanın necə çətin proses olduğunu azərbaycanlılar şəxsən yaşayırlar. Toplanan sənədlərin çoxluğu, görüş üçün vaxt alma və sonda da... daşıdığın statusdan asılı olaraq sənə verilən müddətli viza. Təbii ki, mühacir dalğasının bu qədər güclü olduğu bir dönəmdə xarici ölkələrin Azərbaycandakı səfirlikləri viza müraciətlərinə maksimum həssas yanaşırlar: Bəlkə gedib, mühacirlər ordusuna qoşulacaqsan? Bu sual açıq şəkildə verilməsə də, ciddi yoxlamalar bunun nəticəsidir.
Avropa Birliyində 1995-ci ildə qüvvəyə minən Şengen (Schengen) Müqaviləsi ilə tərəf ölkələr aralarındakı sərhəd (“daxili sərhəd’” adlandırılır) nəzarətlərini aradan qaldırılıb. Bu qaydada yaradılan Şengen bölgəsinin xarici sərhəd nəzarətlərində ortaq tətbiqetmə və qaydalar həyata keçirilib. Şengen sahəsi viza, polis və qanunvericilik sistemlərindəki əməkdaşlığı əhatə edir.
24 Şengen ölkəsi bunlardır: Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Yunanıstan.
İslandiya, Isveçrə və Norveç istisna olmaqla, bütün ölkələr Avropa Birliyinin üzvləridir. Avropa Birliyinə daxil olan 5 ölkə - Birləşmiş Krallıq, İrlandiya, Bolqarıstan, Kipr və Rumıniya Şengenin zonasına daxil deyillər. Avropa Birliyinə üzv olmayan ölkələrin vətəndaşlarının Şengen zonasına səyahət etməsi Şengen vizasının tətbiq edilməsi nəticəsində asanlaşdırılıb.
Şengen sazişini imzalamış, Avropa İttifaqına daxil olan 5 ölkə İngiltərə və İrlandiyanın pasport idarəsini bütünlüklə ləğv etməməsi səbəbindən Şengen zonasının sərhədlərindən kənarda qalıb. Bolqarıstan, Ruminya və Kipr isə bunu hələ gələcəkdə ləğv etməyi planlaşdırırlar.
5.06.2005-ci il referendumu ilə İsveçrə vətəndaşları Şengen zonasına daxil olmağa səs veriblər. 15.03.2006-cı ildə sərhədlərlə bağlı yeni sənəd - Şengen kodeksi qəbul edildi və Şengen konvensiyası dəyişdirildi. 2007-ci ilin 21 dekabrında 9 ölkədə (Slovakiya, Sloveniya, Polşa, Macarıstan, Çexiya, Malta, Latviya, Estoniya və Litva) Şengen zonasına daxil oldu və sərhəd nəzarətini ləğv etdi. Hava məkanında isə bu 30.03.2008-ci ildə ləğv edildi. Aeroportlarda isə sərhəd nəzarəti 29 mart 2009-cu ildə ləğv edildi.
Keçək qaydalara. Şengen viza rejimi qaydalarına əsasən, Şengen vizası ilk dəfə istifadə olunarkən vizanın alındığı ölkəyə giriş etmək məcburiyyəti var. Məsələn, İtalyanın nümayəndəliklərindən alınan viza ilə əvvəlcə İtalyaya daxil olunmalıdır.
Şengen ölkələri ortaq Şengen Information System-SIS adı verilən bir məlumat bazasından faydalanırlar. Bu məlumat bankında Şengen ölkələrinə daxil olacaq şəxslərlə bağlı məlumatlar başda olmaqla, digər müxtəlif informasiyalar da öz əksini tapacaq və üzv olan ölkələrin səlahiyyətli orqanlarının istifadəsinə açıq olacaqdır.
Şengen vizasının bilinməyən tərəfləri
Şengen vizası ilə siz bir ölkəyə daxil olaraq bütün Şengen zonasında azad səyahət edə bilərsiniz. Daxili sərhədlərin nəzarəti ləğv edilib. Lakin təhlükəsizliyi təmin etmək üçün Şengen zonasında hər hansı bir yerdə müəyyən nəzarət mümkündür. Daxili uçuşlar, yol və qatar səyahətləri də tədricən ölkədaxili səyahətlər kimi idarə olunur. Şengen vizaları qısamüddətli vizalardır və onlar Şengen zonasında 6 ay müddətində maksimum 90 gün qalmağa imkan verir. Uzunmüddətli səfərlər üçün isə milli vizalar tələb olunur və bu da hər ölkənin öz qanunvericiliyindən asılıdır.
Əgər siz yalnız bir Şengen ölkəsinə səyahət etmək istəyirsinizsə, o zaman yalnız həmin ölkənin səfirliyinə müraciət etməlisiniz. Şengen zonasının müxtəlif ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa, o zaman əsas istiqamətiniz olan ölkənin səfirliyinə müraciət etməlisiniz. Əgər siz müxtəlif Şengen ölkələrinə səyahət etməyi nəzərdə tutursunuzsa və onlardan heç biri sizin əsas istiqamətiniz deyilsə, o zaman siz ərazisinə birinci daxil olacağınız ölkənin səfirliyinə müraciət edirsiniz. Viza üçün müraciət edən zaman siz şəxsən özünüz gəlməlisiniz və ərizə forması (şəxsən doldurmalı və imzalamalısınız) və səyahətiniz üçün digər lazımi sənədləri təqdim etməlisiniz. Viza rüsumunun məbləği 60 avrodur (hər bir səfirliyin tətbiq etdiyi qaydaya uyğun olaraq avro, manat və ya dollarla Şengen səfirliklərinin viza şöbələrində ödənilməklə) və bu məbləğ geri qaytarılmır. Heç bir digər məbləğ ödənilmir. Turizm agentlikləri vizanın verilməsi qərarında heç bir rol oynamır.
Təfərrüatları da yaddan çıxarmayaq. Viza müraciətində ümumi qayda müraciətin şəxsən edilməsidir. Pasport təhrif edilməməlidir. Təhrif edilmiş pasporta viza alınsa belə, turist sərhəddən geri qaytarıla bilər. Pasportun etibarlılıq müddətinin müraciət tarixindən etibarən ən azı bir il olmağına diqqət etmək lazımdır. Müraciət edərkən sənədlərin tam olmağına diqqət etmək lazımdır. Təhrif edilən və ya saxta sənədlərlə müraciət etmək qanunlara görə cinayət hesab olunur.
Məsləhətlər sırasında o da qeyd olunub ki, müsahibə zamanı səlahiyyətli şəxsin, haqqınızda müsbət təəssürat əldə etməsi müraciətinizin qəbul edilmə şansını artırır. Səyahətinizi həyata keçirə bilmək üçün yetərli maliyyə imkanlarına sahib olduğunuz sənədləşdirilməlidir. Müsahibənin məqsədi; səyahət edəcəyiniz ölkənin müvafiq orqanlarının bu ölkəyə səyahət edəcək xarici vətandaşlar üçün təyin etdiyi şərtlərə uyğun olub olmadığınızı anlamaqdır.