Səyahətə çıxanlara qarşı dələduzluqların “xoruz səsi eşitməmiş” üsulları
İndi Bakı və bir sıra regionlar ərəb turistlərin axınına məruz qalıb. Böyük əksəriyyət bu sıxlıqdan şikayət edir. Amma onlardan bir o qədər də çox adam mövcud durumdan razıdır. Alverin səviyyəsi artıb, gəlirlər çoxalıb. Taksi sürücüsündən tutmuş, kafe-restoran sahibinə, istirahət mərkəzi işçilərinə qədər ölkəyə valyuta axını var. Amma və lakin... Bütün turistik ölkələrdə, şəhərlərdə olduğu kimi turistləri aldatma, onlara qarşı dələduzluq etmək adiləşib. Bunu daha çox taksi sürücüləri edirlər. Qısa bir məsafə üçün dünyanın pulunu istəyənlər ordusu da demək olar buna. Kafe-restoranların bəzilərində isə ikili menyu var - yerlilər və xaricilər üçün. İkincidə tariflər xeyli yüksəkdir.
Sonxeberler.info mövzunun aktual olduğunu nəzərə alıb, dünyada turistlərə qarşı tətbiq olunan dələduzluqlarla bağlı yazır. Hansı ölkədə nə cür yalançılar, adam aldadanlar var və onlara qarşı necə mübarizə aparmaq olar? Rusiyanın lifestories.com saytında bununla bağlı maraqlı bir dosye hazırlanıb.
İsrarçı köməkçi
Hazırda bu üsuldan daha çox kasıb Afrika və ya Şərq ölkələrində istifadə olunur. “Köməkçilər” daha çox vağzallarda öz qurbanlarını gözləyirlər. Sonuncu tapılan kimi ona doğru qaçır, çamadanlarını götürür və onu lazımi yerə aparmaq üçün qır-saqqız səviyyəsində israr edirlər. Ümumiyyətlə, bu cür xidmətdən imtina etmək qeyri-mümkündür. Çünki yerli köməkçi turistin məlumatsızlığından istifadə edib, onu polis çağırmaqla hədələyə bilər. Nəticədə siz ancaq dələduza pul verməklə öz əşyalarınızı geri ala bilərsiniz.
Yeri gəlmişkən, bu sayaq şəxslər hotellərə də faizlə işləyirlər. Yəni onlar israrla turisti istədikləri hotelə aparır və hoteldən də faiz alırlar.
Taksilərdəki sayğaclar
Turistlərin mütləq böyük əksəriyyəti taksilərdə aldadılır. İlk növbədə səfərin gedişində taksi sürücüsünün sayğacı “sıradan çıxa” bilər. Ona görə də siz məhz sürücünün göstərdiyi məbləği ödəmək zorunda qalırsınız.
İkincisi, taksidəki sayğac ən yüksək tarifə kodlanmış olur və orada qeyri-dəqiq məlumatlar yer alır. Bu cür dələduzluqlara görə də siz daha çox pul ödəmək zorunda qalacaqsız.
Üçüncüsü, şəhəri tanımadığınız üçün dələduz sürücü öz qurbanını bütün şəhər boyu və ya ən uzun marşrutlar üzrə gəzdirə bilər. Bununla da daha çox pul qazanmaq şansından yararlanır. Yeri gəlmişkən, bu cür aldatma üsulu daha çox Hindistanda populyardır.
Kişi turistləri başdan çıxaranlar
Turistlərdən pul qoparmanın gizli üsulları olduqca çoxdur. Asiya və Latın Amerikasında bunu o qədər ustalıqla edirlər ki, turistin bəzən bundan ruhu da incimir. Məsələn, kişi turistlər barda, ya da klubda oturublarsa, onlara mütləq gözəl bir qadın (bir nəfər olmaya da bilər) yaxınlaşır və israrla onu da içkiyə qonaq etməsini istəyir. Bir-birinin ardınca ən bahalı içkilər içilir və birdən qadın yoxa çıxır. Bundan sonra böyük məbləğdəki qəbzlə turist baş-başa qalır və onu dərhal ödəmək zorundadır. Təbii ki, bu cür başdan çıxarıcı qadınlar həmin müəssisənin xeyrinə çalışır və bu üsulla da onların gəlirlərini artırır.
Valyuta dəyişdirilməsi
Turistlərin bu cür aldadılmasını geniş yayılmış klassika adlandırmaq mümkündür. Və ümumən bu üsuldan turistik ölkələrdə milyonlarla insanı aldatmaq üçün istifadə edirlər. İlk növbədə sərfəli olmayan kurs üzrə pul dəyişirlər. Bundan sonra turistlərə saxta pul əsginazları təqdim edirlər. Dəyişdirilmiş pulu natamam şəkildə verirlər. Ona görə də ən yaxşı məsləhət valyutanı ancaq rəsmi bank filiallarında, ya da aeroportdakı valyutadəyişmə məntəqələrində dəyişməkdir. Baxmayaraq ki, sonuncuda hər zaman turistə sərfəli olmayan kursla pul dəyişimi edilir.
Yalançı polislər
Yad ölkədə turistlər bütün sənədlərini hoteldə saxlamağa üstünlük verirlər. Onlar bununla da sənədlərin itməsi versiyasını sıfırladıqlarını düşünürlər. Amma bunun əksini etmək, yəni sənədləri özü ilə aparmaq məsləhətdir. Belə ki, dələduzlar turistə yaxınlaşır, özlərini hüquq-mühafizə orqanı əməkdaşı kimi təqdim edərək, sənədlərini tələb edirlər. Əgər sənədləri yoxdursa, protokol tərtib edib, yerindəcə cəriməni ödəməyi təklif edirlər.
Adam qucaqlayanlar - cibgirlər
Avropada tez-tez bu cür dələduzlarla qarşılaşmaq olar. Gözəl bir qız və ya yaraşıqlı bir oğlan turistə yaxınlaşaraq, onu qucaqlayır. İlk baxışda şirin və ya hansısa teleşounun çəkilişi kimi görünə bilir. Əslində isə bu şəxslər həmin an qucaqladıqları turistin bahalı zinət əşyasını, bahalı telefonunu və ya pulqabını oğurlamağa cəhd edirlər.
Qulaq təmizləyənlər
Bu adamlara siz Hindistanda rast gələ bilərsiniz. Onlar sizi görən kimi “qulaqlarınızda dəhşətli bir çirk var və bu, olduqca təhlükəli ola bilər” deyirlər. Bundan sonra isə qulağınıza uzun bir çubuq salırlar. Daha öncədən hazırladıqları çirkli pambığı isə sizə nümayiş etdirəndən sonra etibarınızı qazanırlar. Sonra isə elə çimərliyin ortasında sizdən qulaq təmizliyi prosedurunu keçirməyə icazə istəyib, sonda 5 dollar alırlar.
Pulsuz masaj
Bu xidməti təklif edənlər isə daha çox Balidə insanların qarşısına çıxır. Günəş vannası qəbul etdiyiniz vaxt sizə bir qadın yaxınlaşacaq və masaj təklif edəcək. O, bu masajın yanında manikür, pedikürün də hədiyyə olduğunu anons verəcək. Günəşin şüaları altında məst olmuş siz isə təbii ki, razılaşacaqsız. Amma prosedurun sonunda tələb olunan məbləğ masajdan aldığınız bütün zövqü burnunuzdan gətirəcək. Çünki normal qiymətlərdən 5-6 qat artıq məbləğ tələb edəcəklər.
Qayığa bilet
Bununla da Baliyə gedənlər qarşılaşa bilər. Əgər siz Lembonqan, Qili və ya Lomboka getmək istəsəniz, qayığa bilet almaq zorundasız. Dələduzlar sizə ən yaxşı qayıq kampaniyası adından bilet satacaqlar. Amma qayığın yanına gələndə məlum olacaq ki, siz çox qaranlıq adamlardan bilet almısız. Çünki sizə deyiləcək ki, ya qayıqlar dolub, ya da qayıqların texniki problemləri var.
Nə etməli: Biletin həqiqi qiymətini öyrənmək və ya əməkdaşlıq etdiyiniz turizm agentliyindən bilet sifariş etmək. Əks halda, siz cəmi birtərəfli gediş üçün ikiqat artıq qiymət ödəməli olacaqsınız.
M. Quliyev