Britaniyada marketdən 5 butulka spirtsiz “Vimto” içkisinin oğurlanması üzrə işin istintaqına 280 min dollardan çox pul xərclənib. “The Daily Telegraph” qəzetinin xəbərinə görə, bu vəsait hüquqşünasların məsləhətlərinə və istintaqı aparan polislərin maaşlarının ödənilməsinə sərf olunub.
Məlumatda deyilir ki, nəqliyyat polisinin iki əməkdaşı dəmir yol xəttinin kənarından içərisində 5 şüşə qazlı içki olan karton qutu tapıblar. Təlimata görə, onlar tapıntını ya itmiş, ya da oğurlanmış əmlak kimi rəsmiləşdirməliydilər. Ancaq isti havada polislər qazlı içkini öz yoldaşları ilə bölüşdürüb içiblər. Nəticədə polis içkinin oğurlanması ittihamı üzrə onlara qarşı cinayət işi qaldırıb, il yarım davam edən istintaq ərzində onları vəzifələrindən azad ediblər və hər birini 400 funt cərimələyiblər. İşin istintaqına isə böyük məbləğdə pul xərclənib. Halbuki qazlı içkiləri yolun kənarından tapıb içən polislərə irad bildirmək də kifayət edərdi.
Qəzet bu faktı Bitaniyada xırda qanun pozuntularına görə bəzən illərlə davam edən və böyük vəsaitlər hesabına başa gələn mənasız istintaq proseslərinə nümunə kimi göstərir.
Sonxeberler.info