ABŞ-ın Şimali Karolina ştatında yaşayan 88 yaşlı Ed Sellers və 89 yaşlı Keti Smit ilk tanışlıqlarından 74 il sonra, nəhayət ki, evləniblər.
Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, gənclər 14-15 yaşlarında ikən tanış olublar. Lakin valideynləri çox ciddi dini baxışlara malik olduğundan, onlar qovuşa bilməyiblər.
Qadının nəvəsi Stefani Helsel jurnalistlərə deyib: “Onlara yalnız üçüncü şəxsin iştirakı ilə divanda oturaraq söhbət etməyə icazə verilirdi”.
Bir müddət sonra cütlük ayrılır - Ed evlənir, Keti ərə gedir. Lakin 17 il əvvəl Keti Smitin həyat yoldaşı xərçəngdən dünyasını dəyişib, Ed Sellersin arvadı isə 4 il bundan əvvəl Altsheymer xəstəliyindən ölüb.
2016-cl ilin əvvəllərində Ed keçmiş sevgilisinin telefon nömrəsini tapıb və ona zəng edib. Uzun sürən söhbət zamanı məlum olub ki, indiyə kimi onlar bir-birindən cəmi 45 dəqiqəlik məsafədə yaşayırmışlar. Bundan sonra kişi həftədə iki dəfə Ketini ziyarət etməyə başlayıb və bu günlərdə onlar, nəhayət ki, evləniblər.