Kökü Sovet Rusiyasının ilk illərinə gedib çıxan bu ənənə Azərbaycanda hələ də yaşayır...
Hər il yaz-yay aylarında ölkəmizdə dövlət səviyyəsində müxtəlif nazirlik və qurumlar tərəfindən mərkəzi küçələrdə, parklarda, meydançalarda iməciliklər keçirilir. İməciliklər zamanı abadlaşdırma və yaşıllaşdırma işləri aparılır, yeni ağaclar əkilir. Əksər hallarda rəsmilər də bu cür tədbirlərə qatılır, ən azından bir və ya bir neçə yeni ağac əkir.
Bu, sovet dönəmindən qalmış, kapitalist ölkələrinə xas olmayan bir ənənədir. İməcilik sözünün mənası öz istəyi ilə istirahət günlərində təmizlik, abadlıq işləri aparmaq deməkdir. Yaşlı insanlara “Leninçi kommunist şənbə” ifadəsi çox tanışdır. Bu, daha çox Sovet İttifaqı miqyasında 22 aprel, V.İ.Leninin doğum gününə həsr olunurdu.
Doğrudur, il ərzində başqa irimiqyaslı iməciliklər də keçirilirdi. Lakin Leninin adı ilə bağlı iməciliklər kütləvi şəkildə bütün idarə və təşkilatlarda, məktəblərdə, bağçalarda aparılırdı. Bəziləri elə zənn edir ki, “Leninçi kommunist şənbə” ifadəsi olduğu üçün ilk iməcilik Lenin tərəfindən təşkil edilib. Lakin belə deyil.
İməciliyin tarixi 1919-cu ilin yazına təsadüf edir. Tarixə əsasən bildirilir ki, həmin dövrlərdə Sovet Rusiyasında çox ciddi hərbi və iqtisadi gərginlik yaşanıb. O vaxtlar parovozlarla bağlı da problemlər olub. Belə ki, işçilərin iş saatlarında ciddi təmirə ehtiyacı olan parovozları təmir etməyə vaxt baxımından imkanları olmurdu. Bu səbəbdən Moskva- Kazan dəmir yolunun 15 nəfərdən ibarət işçi qrupu sözləşib 12 aprel tarixində, şənbə günü pulsuz işləyərək parovozun üç buxar lokomotivini təmir ediblər. Səhər saat 6-dan başlayan iş nə az, nə çox, 10 saat çəkir. Həmin 15 nəfər işçinin 13-ü zamanının tanınmış kommunistləri olub. Onların arasında çilingərlərdən E. Apuktin, I. E. Burakov, JF Gorlupin, M. Kabanov, P. Kabanov, F. İ Pavlov, P. S. Petrovun adlarını qeyd etmək olar.
İşçilərin bu cür ilk iməcilik təşəbbüsü böyük marağa səbəb olur. Artıq bir çox işçilər də bu cür təşəbbüsə qoşulmağa başlayırlar. Beləliklə, 2-ci iməcilik tədbiri bir ay sonra, 10 mayda baş tutur. Artıq bu tədbirə 205 nəfər işçi qoşulur, mətbuat işçiləri, jurnalistlər və siyasətçilər bu tədbiri yaxından izləyirlər. Məhz bu iməcilik tədbirindən sonra V.İ.Lenin yeni ideoloji əsasa aid “Velikiy Poçin” (“Böyük çağırış”) məqaləsini yazıb. Lenin həmin məqalədə müharibə və gərgin bir zamanda böyük həvəslə öz istirahət gününü pulsuz işə sərf edən kütlələri qəhrəman adlandırıb.
Bir il sonra isə, yəni 1 may 1920-ci ildə “Beynəlxalq Əmək Bayramı Günü” elan edilib və həmin gün Sovet Rusiyasının bütün ərazilərində genişmiqyaslı iməciliklər keçirilib. Beləliklə, sovet dönəmində ildə bir neçə dəfə böyük iməciliklər keçirilməyə başlayır. Lakin sovet hakimiyyəti dağıldıqdan sonra bu ənənə yavaş-yavaş sıradan çıxır. Buna baxmayaraq, keçmiş sovet ölkələrinin əksəriyyətində, o cümlədən ölkəmizdə hər il yaz-yay aylarında müəssisələrdə, təhsil ocaqlarında iməciliklər, yaşıllaşdırma, ağac əkmək kimi ənənələr davam etdirilir.
M.Quliyev