Dubay şeyxinin azərbaycanlı gəlinləri kimlərdir?
Sonxeberler.info Musavat.com-a istinadən xəbər verir ki, Dubay şahzadəsi Həmdan artıq “İnstagram” ulduzuna çevrilib. Belə ki, şahzadənin hazırda 8 milyon izləyicisi var. Şahzadə sosial şəbəkədə lüks həyatını deyil, əsasən öz istedadını əks etdirən fotolar paylaşır.
Qeyd edək ki, Həmdan ibn Məhəmməd ibn Rəşid əl-Məktum 2008-ci il fevralın 1-dən Dubay əmirliyinin vəliəhdidir. O, Ərəb Əmirliklərinin ən varlı şahzadəsi hesab olunur. Onun misli görülməmiş var-dövləti var. O, həmçinin Dubay şəhər şurasının sədri, Dubay Əmirliyi idman komitəsinin prezidenti, gənclər biznesinin dəstəklənməsi liqasının və Dubay autizm tədqiqatlar mərkəzinin fəxri himayədarıdır. Əsasən ovçuluq, atçılıq və “Formula-1” yarışları ilə maraqlanır. Bir çox hallarda “Formula-1” yarışını əks etdirən geyimlərdən istifadə edir.
Həmdanın atası şeyx Məhəmməd əl-Məktumun hazırda 9 oğlu və 14 qızı var. Onun birinci arvadı Xind bint Həmdanın anasıdır. Şeyxin onunla evliliyindən 12 uşağı var. Məlum olduğu kimi, şeyxin ikinci, bu yaxınlarda Londona qaçmış arvadı İordaniya şahzadəsi Haya bint əl-Heseyndir. Bu nikahdan isə onların Cəlilə adlı qızı və Zayed adlı oğlu var.
Bu arada xatırladaq ki, şahzadənin kiçik qardaşı Səidin iki arvadı Azərbaycan əsilli xanımlardır. Belə ki, Səid əl-Məktumun ilk arvadı şeyxə Suhailadır. Şeyx ikinci arvadı, əslən azərbaycanlı olan Əliyeva Natalya Müslüm qızı ilə Minskdə keçirilən yarışlar zamanı restoranlardan birində tanış olub. Bir zamanlar ofisiant kimi çalışan Natalya şeyxlə evlilikdən sonra adını dəyişərək Ayşə edib və İslam dinini qəbul edib. Səidin üçüncü arvadı isə tanınmış bədii gimnast, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlır. Şeyxin bu üç evlilikdən 9 övladı var. Hazırda Səid Əl Məktumun bütün arvadlarının ailələri onlarla birlikdə Dubayda ayrı-ayrı imarətlərdə yaşayır.
Beləliklə Həmdan Dubay əmirliyinin vəliəhdi sayılır. O, ömrünün çox hissəsini Ərəb Əmirliklərində deyil, Böyük Britaniyada keçirib, orada yüksək səviyyədə təhsil alıb. Əvvəlcə o, ingilis aristokratlarının öz övladları üçün seçdikləri Sandrxerst şəhərində quru qoşunlarının elit hərbi məktəbində təhsil alıb, hansı ki, Böyük Britaniya şahzadəsi Çarlz və şahzadə Diananın kiçik oğulu, şahzadə Harri də bu məktəbi bitirib. Sonra şeyx Londona köçüb, orada iqtisadiyyatı öyrənib.
Daha sonra isə şahzadə Dubaya geri dönüb, müəyyən qədər siyasətlə məşğul olmağa başlayıb. Buna baxmayaraq şahzadə öz vaxtını daha çox idman və ov əyləncələrinə, səyahətlərə sərf edir. Bütün bunlarla yanaşı o, Fərzaa təxəllüsü ilə şeirlər də yazır.
Şahzadə müsahibələrinin birində bu təxəllüsü ilə bağlı maraqlı açıqlama vermişdi: “Əgər mən sizə desəm ki, ləqəb təsadüfən peyda olub, siz mənə inanmayacaqsınız. Bir dəfə tale məni səhrada bir qoca ilə rastlaşdırdı. Onun avtomobili qumluqda batıb qalmışdı. Mən həmin anda səhrada ov şahinimi qum təpələri arasında sürətli sürmə zamanı sakitliyə öyrətməyə çalışırdım. Mən o qocanı görəndən sonra borcumu yerinə yetirmək üçün ona kömək etmək istədim. Avtomobilini qumdan çıxartdım və bundan sonra minnətdarlıq gözləmədən, öz maşınıma oturdum. Bu zaman mən tərəfə istiqamətlənmiş güclü və qətiyyətli səs eşitdim: “Sən Fərzaasan”. Qocanın səsi mənə çox təsir etdi, amma onun nitq üslubu daha çox yadımda qaldı. Qocanın mənə verdiyi bu ləqəb yaddaşımda qaldı və sonralar mənim ikinci adıma çevrildi. Yeri gəlmişkən, bu qoca mənim kim olduğumu bilmirdi - elə mən də onun kimliyini bilmədim, mən yalnız onun obrazını xatırlayıram”.
Qeyd edək ki, “Fərzaa” ərəb dilindən tərcümədə “darda olana kömək edən adam” mənasını verir.
Onu da əlavə edək ki, Dubay şahzadəsinin 2015-ci ildə 100-ə yaxın səhabəsi ilə birlikdə Bakıya gəldiyi deyilir. Məlumata görə, şahzadənin ölkəmizə gəlişinin səbəbi ov etmək olub. Digər iddialara görə, şahzadə Hacıqabul rayonunun Qarasu kəndində iki mülk alıb.