İki ildir ki, efir qadağası isə üz-üzə qalan Türkiyənin məşhur “Kurtlar vadisi” serialı artıq ekranlara geri dönməyə hazırlaşır.
Musavat.com bildirir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.
Məlumatda bildirilir ki, yayınlandığı dövrdə böyük reytinq uğuru əldə edən serial rəqəmsal kanalda nümayiş olunacaq. Belə ki, 1.5 milyon üzvü olan “Netflix” abunəçi qazanmaq üçün serialın yenidən çəkilməsinə qərar verib. Necati Şaşmazın “Pana” film şirkəti artıq bir mövsümü hazır olan “Kurtar Vadisi Xaos” üçün “Netflix”lə razılığa gəlib.
Çəkilişləri noyabr ayında başlayacaq “Kurtlar Vadisi Xaos”da Necati Şaşmaz və Defne Samyelinin baş rollarda çəkiləcəyi bildirilir. İddialara görə, 2020-ci ildə yayınlanacaq serial 15 İyul dövlət çevrilişi cəhdindən sonrakı hadisələrdən bəhs edəcək.
Lakin filmi ərsəyə gətirən “Pana Film” açıqlama yayaraq, bütün bu məlumatları təkzib edib. Açıqlamada bildirilir ki, adıçəkilən “Netflix”lə heç bir müqavilə bağlanılmayıb və bu barədə söhbət gedə bilməz. Serial ilə bağlı hər hansı bir yenilik olarsa, media və sosial şəbəkələrdə məlumatın veriləcəyi bildirilib. Bunun xaricində hər hansı bir xəbərin yayılmaması xahiş olunub.