Türkiyənin Antalya şəhərində iki həvəskar balıqçı tutduqları 1.5 metr uzunluğunda, 30 kilo çəkisi olan balığı 750 manata satmaq əvəzinə dənizə atıblar.
Konyaaltı çimərliyində balıq tutan 36 yaşlı Cuma Köksal ilə 63 yaşındaki İsmail Okatan səhər erkən saatlarda balıqla dənizə girəndə bu, ətrafdakıların diqqətini çəkib. Cib telefonları ilə cütlüyü çəkən yerli və xarici turistlər həvəskar balıqçıların tutduqları balığı öpərək Ağdənizin sərin sularına atdığını görəndə isə çaşıblar. Balıq tutan şəxslərin inşaatda fəhlə olaraq çalışdığı məlum olub. C.Köksal yaşadığı həyəcanı aşağıdakı formada ifadə edib: “Səhərin erkən saatlarında Konyaaltı Sahilində balığa çıxdıq. Tilovu atıb, gözləməyə başladıq və az sonra tilova böyük bir balıq ilişdiyini gördük. Yarım saatlıq əziyyətdən sonra “kiçik divimizi” sudan çıxardıq.
İsmayıl bəylə məqsədimiz sudan çıxardığımızı suya geri qaytarmaq idi. Bizə aid olmadığını düşündüyümüz 30 kiloluq balığı evə aparıb, onu xərcləyə bilməzdik”.
Köksal eyni zamanda deyib ki, balıq üçün 600-750 manata yaxın vəsait təklif edənlər olsa da, bununla razılaşmayıb.