Dünyada bütün insanların ən böyük arzusu budur – şanslı olmaq... Bu səbəbdən hər zaman dilimizdən şans diləkləri səsləndiririk. Bütün dünyada qəribə vəziyyətlərin, əlamətlərin və yaxud hansısa əşyaların, hətta rənglərin, heyvanların belə, şans gətirdiyinə inananlar var.
Məsələn, Fransada yolda it nəcisi görəndə kimsə ondan qaçmır və ya onu basacaq adama xəbərdarlıq edilmir. Çünki bu ölkədəki inanca görə it nəcisinə sol ayaq ilə basmaq insana böyük şans gətirir. Əksinə, nəcisə sağ ayaqla basmaq pis şans gətirir, işlər tərsinə gedir.
Buna bənzər şans inancı Rusiyada da var. Belə ki, bu ölkədə əgər kiminsə başına quş nəcisi düşərsə, bunun pul, böyük şans gətirəcəyinə inanırlar. Hətta evin damına və ya avtomobilin üzərinə də quş nəcisi düşərsə, bu böyük şans hesab olunur. Qeyd edək ki, Azərbaycanda da üzərinə düşən quş nəcisinin böyük uğur, şans gətirdiyinə inananlar var.
İspaniyada yeni il axşamı insanlar 12 dənə üzüm yeyir. 12 üzüm il ərzində olan 12 ayı tərənnüm edir. İspanların inanclarına görə, hər ay üçün bir üzüm yemək böyük şans deməkdir.
İngilis şamanları isə insanlara gəribə bir məsləhət verirlər. Onların inanclarına görə, hər yeni ilin birinci günündə yuxudan ayılarkən üzü su ilə yumaqdansa, dollarla silmək il ərzində insana var-dövlət gətirir.
İngilislər özləri isə hər ayın ilk günü yuxudan oyanar-oyanmaz “dovşan” sözünü işlədirlər. İnanca görə, bunu etmək ay ərzində şansı yaxalamaq deməkdir.
Çinlilərin də çox maraqlı, həm də məntiqli bir inancları var. Belə ki, Çində insanlar şansın ön qapıdan içəri girdiyinə inanırlar. Bunun üçün də hər zaman evlərinin önünü təmiz, səliqəli saxlayırlar. İnanca görə, əgər evin önü səliqəsiz olarsa, şans qapıdan geri dönür.
İsveçdə isə cütlüklər evləndikdən sonra evlərinin həyətində bir ağac əkirlər. Bu ağacın onların həyatına böyük şans, ruzi-bərəkət gətirəcəyinə inanırlar.