Hindistanda corabından gələn iyə görə sərnişin həbs olunub. Sonxeberler.info-nun Hindustan Times-ə istinadla məlumata görə, hadisə sərnişinin avtobusda yol yoldaşları ilə davasından sonra baş verib. Belə ki, o, pis iy gələn corablarını çıxarıb atmaqdan imtina edib.
Bildirilir ki, 27 yaşlı Prakaş Kumar Dehlidən Darmsala gedən avtobusda imiş. Yolda Kumar ayaqqabılarını və corablarını çıxarmaq qərarına gəlib. Digər sərnişinlər , onun corabının dözülməz iyinə etiraz edərək, Kumardan onu çantasına qoymasını, ya da atmasını istəyiblər. Gənc isə bundan imtina edib.
Bundan sonra onlar arasında dava düşür.
Sərnişinlər sürücüyə avtobusu polis məntəqəsində saxlamağa məcbur edirlər və hüquqmühafizə orqanına Kumardan şikayət ərizəsi yazırlar.
Kumar ictimai asayişi pozmaqda ittiham olunub. Sonradan o, zamin müqabilində azadlığa buraxılıb. Bir müddət sonra Kumarın özü avtobus sərnişinlərindən şikayət yazaraq corablarından normal iy gəldiyini və yol yoldaşlarının onunla səbəbsiz dalaşdıqlarını bildirib.