Kanadalı alimlər qana yeni funksiyalar verən və zədələnən toxuma qatlarını daha sürətlə sağaltmağa imkan yaradan unikal hormon ixtira ediblər. SonXəbərlər-in vistanews-a istinadla verdiyi məlumata görə, bu barədə Journal of Investigative Dermatology jurnalında dərc olunub.
Kanadalı alimlər bildiriblər ki, yeni ixtira diabet xəstələrinin həyatını yüngülləşdirə, hətta xilas edə bilər. Belə ki, unikal hormon şəkər xəstələrində ətrafların amputasiyası ilə nəticələnən sağalmayan yaraları müalicə edəcək.
Monreal Universitetinin mütəxəssisi Jan Fransua Kalye bildirib ki, unikal hormon terapiya zamanı yaraya infeksiya düşmə ehtimalını azaldaraq yanıq yaralarının da müalicə prosesini daha sürətli və effektiv edə bilər.
Alimlər öz eksperimentlərində laboratoriya siçanlarından istifadə ediblər.
Araşdırma zamanı kanadalı mütəxəssislər yaraların regenerasiyası prosesini təmin edən iki əsas komponenti - MFG-E8 zülalını və makrofaq hüceyrəsini ayıra biliblər. Yeni maddələrin qana düşməsi onun yenidən «proqramlanmasına» səbəb olur. Nəticədə maye halında hərəkət edən birləşdirici toxuma, zədələnən toxumaların regenerasiya prosesində iştirak edir.