ATV-də yayımlanan “ZAURla GÜNAYdın” verilişində aparıcı Zaur Baxşəliyevin efirə hamam xalatı ilə çıxması birmənalı qarşılanmayıb.
Bir neçə gündür sosial şəbəkədə tənqid olunan məsələyə aparıcının xanımı elə efirdə cavab verib: "Bir xalat geyindin, hamı söz etdi. Elə bil evlərində xalat geyinmirlər".
"Yazıq mənim nəslim-köküm. Məşhur olmağım onların başına bəladır. Bir şey olan kimi nəslimə söz deyirlər", - sözləri ilə Günayın sözlərinə fikir bildirib.
MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov “Report”a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olmuş verilişin həmin hissəsi şoudur və burada nə qanunvericilik, nə də mənəvi dəyərlər baxımından narahatlıq yaradacaq ciddi hal yoxdur.
Bəs, şou verilişlərində hər hansı çərçivə olmalıdırmı?
Sonxeberler.info məsələ ilə bağlı media eksperti Qulu Məhərrəmlinin fikirlərini öyrənib. O, bildirib ki, şou verilişlərini çərçivəyə salmaq olmaz: “Şou verilişinin özünün üslubu, estetikası var. Saç, geyim ssenariyə uyğun seçilir. Zaur efirə çılpaq çıxsa, ona nə isə demək olar. Amma şouya xalatla çıxmaq yolveriləndir. Bizim cəmiyyət məsələlərə zahiri baxır. O qədər əcaib, eybəcər əxlaqla, düşüncə ilə bağlı situasiyalar olur ki, biz onların çoxunu zahirdə axtarırıq. “Filan kəsin sinəsi açıqdır, o birinin dizi göründü” deyirik. Bunlar zahiri amillərdir. Biz məsələyə ümumi baxmalıyıq. Diqqət etməliyik ki, televiziyalar cəmiyyəti necə zəhərləyir. Ailələrin, uşaqların baxa biləcəyi proqramlar varmı? Milli düşüncəyə zərər verən məsələlərə yönəlmək lazımdır. Biri xalatla efirə çıxır, biri “şpaqat” açır. Bunlar şounun bir qismidir. Televiziya müəyyən davranış qaydalarının davamıdır. Bu hərəkətlərdə sınma olanda tənqidlər yaranır. Tamaşaçılar bunu da həzm edəcək. Əvvəllər ailə-məişət problemlərinə məhkəmələrdə qapalı baxılırdı. Indi isə onlar efirdə müzakirə olunur. Bu əxlaqda olan aşınmadı. Buna bütövlükdə qarşı olmalıyıq. Yoxsa detalları müzakirə etmək, məsələni həll etmir”.
Sonxeberler.info