Bakıda konsert proqramı ilə çıxış edən Türkiyənin tanınmış müğənnisi İlyas Yalçıntaş Bakı haqqında təəssüratlarını bölüşüb.
Sonxeberler.info xəbər verir ki, ifaçı jurnalistlərin suallarına cavab verib. O, paytaxtımızı sevdiyini dilə gətirib: “Bakıya ilk səfərim deyil. Bir dəfə özəl tədbirdə çıxış etmişəm. İlk dəfədir ki, böyük konsert proqramı ilə çıxış edirəm. Azərbaycanla eyni millətik. Ikimizinin də gözəl musiqimiz var”.
- Müsahibələrinizin birində Bakıdan ev almaq istədiyinizi demişdiniz. Bu arzunuzu reallaşdırmısınız?
- Bakıda evim olmasını istəyərəm. Gözəl şəhərdir, insanları da mehribandır. Avropa insanı soyuqqanlıdır. Hələ ki, ev istəyim arzu olaraq qalıb.
- Mahnılarınız sözlərində təbiətə aid sözlər çoxdur: “Gök yüzü”, “İçimdəki duman”, “Yağmur” . Bu təsadüfdür, yoxsa...?
- Mahnılarımda təbiətə aid sözlər istifadə etməyi sevirəm. Hər şairin bir özəlliyi var. Mənə də təbiət ilham verir. Ona görə də, mahnılarımda bəzi kəlimələri istifadə edirəm. Növbəti mahnım “Rüzgar” ola bilər.
- İnsan sevmədən ürəkdən oxuya bilməz. Sizin həyatınızda sevgi var?
- Sevgi olmasa, ürəkdən oxuya bilmərəm. Hamımızın içində gözəl duyğular var, hər kəs içindəkini bir vasitə ilə xaricə ötürür. Mən də mahnı oxuyaraq hisslərimi büruzə verirəm.
- İlyas bəy, azərbaycanlı musiqiçilərdən kimləri dinləyirsiniz?
- Əzizə Mustafazadəni dinləyirəm. Azərbaycan caz musiqisini sevirəm. Azərbaycanlı musiqiçilər opera və caz musiqilərini mükəmməl bəstələyirlər. Azərbaycan musiqiçiləri dinləyirəm.




