SON DƏQİQƏ

Namiqdən “meyxana əxlaq terrorudur” fikirlərinə cavab...

Tarix:4-07-2017, 12:29

Meyxanaçı Namiq Qaraçuxurlu İctimai Tədqiqatlar Mərkəzinin sədri, hüquqşünas İlqar Altayın meyxananı əxlaq-tərbiyə, şüur-düşüncə davranışının “terror”u adlandırmasına münasibət bildirib.
SonXəbərlər-ə açıqlama verən meyxanaçı bildirib ki, meyxananın son durumu onu da narahat edir: "Meyxananın bugünkü vəziyyəti heç də ürək açan deyil. Təəssüf ki, meyxanaya neqativ baxış yaradan məsələlər var. Ən acısı "Meyxana deyənin beyni dumanlı olur, belə olmasa, deyə bilməz" kimi fikirlər cəmiyyətimizdə yenidən formalaşır. İlqar bəyin fikirlərini tam oxuya bilməsəm də, bir fikri tam oxumadan cavab vermək doğru olmasa da, oxuduğuma uyğun cavab verəcəyəm. Onun bəzi fikirləri ilə razıyam. Çünki meyxananın son durumu ilə bağlı dəfələrlə həyəcan təbili çalmışam.

Lakin İlqar bəyin "mənasız sözlər", "söz oynatmalar" kimi fikirləriylə qəti razılaşmıram. Meyxana aləmində elə sözlər səslənib ki, (düzdür, bu, hər dəfə olmasa da) o fikirlər böyük mənalar kəsb edib. Hətta meyxanaya "söz oynatmaq" kimi yanaşsaq belə, sözü şirinliklə, maraqlı söz birləşmələriylə, nəhayət, nəzmlə oynamaq özü böyük istedad tələb edir. Əgər kiməsə şəxsən maraqlıdırsa, mən nəinki maraqlı söz oynatmaqlar, müxtəlif mənalar kəsb edən faktları da, şübhəsi olanlara üz-üzə göstərə bilərəm. O baxımdan İlqar bəyin bu yanaşmasını doğru saymıram”.

Qeyd edək ki, İlqar Altay meyxana ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşmüşdü: “Meyxana... Azərbaycanda Azərbaycan türkcəsində türkə yaraşmayan dil pəhləvanlığı - söz öynatması, söz güləşdirmə, bir-birinə söz atma, hətta məclislərdə dava-qırgın yarada bilən aşağılama yarışı. Qafiyə, təhqir, söz altında qalmamaq xatirinə rusların "karobka", "kardan" kimi əlaqəsiz sözlərindən istifadə etməklə, ağzına gələni ifadə etməklə insan intellektini qurudub heçə endirən buraxma bir deyişmə. İki nəfər oturub boş söz "fırladır" qalan yüzlərlə cavan gipnoza düşmüş kimi quruyub qulaq asır. Sözün də içində bir məna yox, bəsit adekvatsız tövrdən başqa. Diqqət edin, bu videodakı məsum cavanlarmızın heysiz və depressiv psixoloji çöhrəsinə. Bu quru bəsitləşmə ilə artıq hazırdırlar dini qaraguruhun sıralarına itələnib yuvarlandırılmağa.

Müstəqilliyimizdən bəri nəşə-içkili dalan-tinlərdən samballı toy-şənliklərə, sonra da televiziyalara daşınan və artırılıb "inkişaf etdirildiyi" qədər də cavan insanlarımızın zövqünü cılızlaşdıran "xalq folkloru" başqa nə verə bilər bir cəmiyyətə? ANS-in, deyərdim, ən ictimai ziyanlı işi meyxana adlı ən nimdaş bir "incəsənəti" ölkə efirinə çıxarmaqla təbliğ etməsi oldu. Ən ucqar, meyxana adı nə olduğunu bilməyən rayon, kənd-obalara yayması oldu.

Bu meyxana bu xalqın içinə haradan, nə zaman, necə gəlib düşüb, bu çox maraqlıdır. Azərbaycan türkcəsində oxunursa, türk milli-irsi tarixində, türk xalqlarında, Türkiyə, Orta Asiyada bu yoxdur axı. Digər, ləzgi, talış kimi xalqların etnik folklorunda da olmamalıdır bu. Dədə Qorqud, Koroğlu dastanı və ya hansı Nizami, Fizuli xatıqlatması bu barədə söz açır?

Azərbaycan dilini qoruyaq, təmizləyib bir sistem-formaya salıb inkişaf etdirək, dünya səviyyəsinə çatdıraq, deyirik. Nə ilə? Meyxananın, bu dili xalqın milli yaradıcılıq məkanı olan toy-bayram şənliklərindəki və son dövrlərdə isə TV-lər vasitəsilə ümumdövlət səviyyəsindəki şil-küt etmə "terroru" ilə? Küçə, türmə jarqonlarının ictimai-ədəbi ünsiyyət mühitinə yeridilməsi ilə? Terror necə olur ki? Mənəviyyat, əxlaq-tərbiyə, şüur-düşüncə davranışının terroru...”

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN