SON DƏQİQƏ

Toya hazırlaşan Natavan: “Dəfələrlə fikrimi dəyişmişəm”

Tarix:6-07-2017, 10:16

İyul ayının 17-də və 19-da toyu olacaq müğənni Natavan Həbibi şəxsi həyatından danışıb.

SonXəbərlər-in suallarına cavab verən müğənni ilə söhbətə nişanlısı, reper Səiddən danışmaqla başladıq:

- Toyunuza sayılı günlər qalıb. Nişanlınızın kimliyini ilə yxın günlərdə açıqladınız. Gizlətməyinizə səbəb nə idi?

- Mən onun kimliyini gizlətmirdim. Sadəcə biz məsləhətləşib belə qərar qəbul etmişdik. Düşünmürəm ki, kimsə mənim fikrimə müdaxilə edə bilər, kiminsə haqqı çatır ki, mənə müdaxilə eləsin. Mən belə istədim, belə də oldu. Çünki hamıya məlumdur ki, harada yaşayırıq. O qədər lazımsız söz-söhbət yarana bilər ki... Ona görə də sakit, heç kimin xəbəri olmadan hər şeyi hazırladıq, sonra isə açıqladıq.

- Niyə həyat yoldaşı kimi məhz Dadonu seçdiniz? Sizi cəlb edən nə idi?

- Xahiş edirəm, bu gündən sonra hər kəs ona “Səid” desin. O, səhnədə Dado ola bilər. Amma mənim yanımda nişanlım, həyat yoldaşım Səid bəydir. Ona Dado deyəndə heç xoşuma gəlmir. Bunu özü də bilir. Dado əslində onun səhnə ləqəbi də deyil. Səidi uşaqlıqdan ailənin içində Dado çağırıblar. Artıq uşaqlıqdan çıxıb, böyüyüb. Onu İdris Cəfərov “Dado” adandırıb, o gündən səhnədə elə çağırılıb. İnşallah, ailəmin başçısı olacaq. Ona görə də hörmət eləyin.

Əslində, hər insanın reaksiyasını başa düşürəm. Çünki siz məni yaxından tanıyırsıznız, amma onu heç tanımırsınız.Sizin üçün sadəcə bir reper-ifaçıdır. Onu tanıyandan sonra deyəcəksiniz ki, bunlar eyni adamdır. Bizim xarakterimiz, həyata baxışımız, bir çox keyfiyyətimiz bir-birinə oxşayır. Ümumiyyətlə, indi insanlar deyir ki, xarici görünüşümüz də bir-birinə oxşayırıq. Bir çox xüsusiyyətimiz üst-üstə düşdüyünə görə, mənim xoşuma gəldi. İş prosesində ondan müsbət enerji aldım. Fikirləşdim ki, onunla hər şey maraqlıdır. Səid mənə xoş gəldi.

- Adətən, ailələr qızlarının sənətçi ilə evlənməsini istəmirlər. Siz Səid bəylə ailə qurmaq istədiyinizi deyəndə ailəniz necə reaksiya verdi?

- Bizimkilər istəyirdi. Ailəm razı idi. Mən “hə”yə yaxın imtina etmişəm, ailələr arasında problemlər yaranıb. Toy qabağı dəfələrlə fikrimi dəyişmişəm. Vaqif Gərayzadə nişanıma gələndə yolda zəng edib soruşdu ki, əminsən, fikrini dəyişməyəcəksən? Dedim ki, bu dəfə əminəm, gəlin.

- Tərəddüd etməyinizə səbəb nə idi? Natavanın evlilik qorxusu vardı?

- Evlilik qorxusu həmişə olub. Düşünürdüm ki, bu insan bu gün mənə lazımdır, birdən sabah lazım olmadı, o zaman nə edəcəyəm? Tərəddüdlər var idi, indi yoxdur. Artıq tam qərar vermişəm.

- Toyda bəy ilə gəlinin mahnı oxuması ənənə halını alıb. Bəs siz – iki ifaçı olaraq mahnı oxuyacaqsınız?

- Bəylə gəlinin mahnı oxuması xoşuma gəlmir. Toylara gedib elə görüntü görəndə onların yerinə utanıram. Ümumiyyətlə, gəlinə tullanıb-düşməyi, mahnı oxumağı yaraşdırmıram. Gəlin ağır olmalıdır. Planımda belə şey yoxdur. Toyumda dəvət elədiyim hər kəs oxuyacaq. Biz sadəcə izləyəcəyik. Biz toyda müğənnilik etməyəcəyik.

- Hansı adət-ənənədən imtina etmişiniz?

- Heç bir adət-ənənədən imtina etmək fikrim yoxdur. Əksinə lehinəyəm və çox xoşlayıram. Mən daha çox adət-ənənə ilə olmasını istəyirəm. Toya qədər olmayan ənənələri toyda həyata keçirəcəyik.

- Oğlan evindən xüsusi tələbiniz olub?

- Hər şey mənim istədiyim kimi gedir. Ona görə yox ki, mən belə istəyirəm. Sadəcə belə alınır. Hər şeyi ortaq məxrəcə gələrək həll edirik. Heç kim də narazı qalmır.

- Həyatda, sənətdə, insanlara qarşı hər zaman çərçivələriniz olub. Nişanlınızın sizə hər hansı qadağası olubmu?

- Mən özümü necə aparmağı yaxşı bilirəm. Ona görə də çərçivəsinə ehtiyac qalmır. Məncə, hərəkətlərimi görən insan yetərincə razı qala bilər. Çünki evdən tərbiyəni belə almışıq.

- Toy mediaya açıq yoxsa qapalı olacaq?

- Toy mediaya qapalı olacaq. Dostlardan da sərt şəkildə xahiş olunacaq ki, heç kim çəkməsin. İstəmirəm ki, Xəyyamın toyunda baş verənlər bizim də başımıza gəlsin. Əvvəlcədən dəvət elədiyim jurnalist dostlarımız orada sadəcə qonaq qismində iştirak edəcəklər. İşıqlandırmaq lazım olan məqamları özüm təqdim edəcəyəm. İstəyirəm qəşəng görüntülər yayılsın. Qonaqlar arasında elələri var ki, onlar efirdə, mətbuatda görüntülənməməlidir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN