Bakı Şəhər İcra Hakimiyyətinin öz qərarını dəyişirək ReAl, Müsavat partiyalarının, D18 Hərəkatının və bəzi müstəqil namizədlərin mitinq qərarına razılıq verib.
D18 Hərəkatın başqanı Ruslan İzzətlinin verdiyi məlumata görə, fevralın 12-də onların mitinq müraciətinə əvvəlcə mənfi cavab verən qurum, onu saatlar sonra yenidən çağırıb.
Hərəkat başqanı qeyd edib ki, bu dəfə mitinqə müsbət cavab verilib.
Amma onun dediyinə görə, aksiya üçün onların təklif etdikləri məkana razılıq verilməyib, əvəzində paytaxtın mərkəzindən uzaq bir ərazini təklif ediblər.
Ruslan İzzətli vurğulayıb ki, həmin əraziyə gedib-getməyəcəklərinə müzakirədən sonra qərar verəcəklər.
Öz növbəsində Bakı Şəhər İcra Hakimiyyəti bildirib ki, 16 fevral tarixdə keçirilməsi planlaşdırılan mitinqin təşkilatçıları İlqar Məmmədova, Ruslan İzzətliyə, Fərhad Mehdiyevə, Fərəc Kərimova və Günel Səfərovaya göndərilən cavab məktubunda bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinə daxil olmuş 11 fevral 2020-ci il tarixli müraciətə yenidən baxılıb.
“Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, müraciət 5 iş günü əvvəl təqdim olunmalı olduğu halda 4 iş günü əvvəl təqdim olunub. Bu da mövcud qanunvericiliyin tələblərinin pozulması deməkdir və müraciətin baxılmamasına əsas verir. Buna görə şöbə tərəfindən qanunvericiliyə uyğun olaraq məsələyə baxılması məqsədəuyğun hesab edilməyib. Bakı Şəhər İcra Hakimiyyətinin Aparat rəhbərliyi müraciətçilərin istək və arzularını nəzərə alaraq, bu məsələyə yenidən baxıb.
Nəzərinizə çatdırırıq ki, müəyyən etdiyiniz ərazi əhalinin daha sıx hərəkətdə olduğu metro çıxışı olduğu üçün toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinin, metropolitenin iş ahənginin təmin edilməsində problemlər yaradacaq.
Alternativ yer olaraq mitinqin 16 fevral 2020-ci il tarixdə, saat 15:00-dan-17:00-dək Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki 28 May küçəsi “Neftçi İdman Klubu İctimai Birliyinin Qaradağ təlim-idman bazasında” keçirilməsini təklif edirik” - deyə, BŞİH-in məktubunda deyilir. (amerikaninsesi.org)