Avqustun 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Tural Atakişiyev (Pünhan) inzibati qaydada 30 sutka həbsə məhkum edilib.
Bu barədə AXCP-nin məlumatında deyilir.
Məlumata görə, Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə Atakişiyev İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə ittiham olunub.
O bu gün səhər saatlarında saxlanılıb.
Atakişiyev bundan öncə avqustun 7-də saxlanılıb və Azərbaycan Ordusuna dəstək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insidentlə bağlı izahat alındıqdan sonra sərbəst buraxılmışdı.
Hüquq-mühafizə orqanları müxalifət fəalının həbsi ilə bağlı hələ məlumat yaymayıb.
AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 47 nəfər fəalı həbs edilib.
“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 17 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü isə öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.
Qısa tarixcə və rəsmi məlumat
İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.
Sonxeberler.info