Aleksandr Lukaşenko ilə İlham Əliyev rəsmi görüşdə nələrdən danışıblar?, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən "ən yüksək səviyyəli siyasi dialoqu mümkün qədər tez bərpa etməyə" çağırış, -daha ətraflı BBC News Azərbaycancanın icmalında.
Əliyevlə Lukaşenko nələrdən danışıb?
Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə rəsmi görüşdə işğaldan azad edilmiş ərazilərin bərpasından danışaraq Belarus şirkətlərinin aqrosənaye kompleksləri yaradılması təcrübəsini qeyd edib.
"Qarabağın bərpası ilə bağlı məsələləri də Sizinlə müzakirə etmək istərdim. Belarus şirkətlərinin öz ölkənizdə aqrosənaye kompleksləri yaradılması təcrübəsi bizə məlumdur. Buna görə də işğaldan azad edilmiş ərazilərin bərpası baxımından bu mövzu, əlbəttə, xüsusi yer tutur,"- cənab Əliyev deyib.
Buna cavabında Belarus Prezidenti işğaldan azad olunmuş ərazilərdə çox ağır işlər görülməli olduğunu deyib.
"...qarşıda hələ çox işlər var, işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası üçün çox ağır işlər, dinc işlər görülməlidir... Bilməlisiniz ki, Belarusda Sizin etibarlı dostlarınız var. Siz bizim imkanlarımızı bilirsiniz. Bu gün biz onları nazirlər və mütəxəssislərlə bir daha müzakirə edəcəyik. Əgər biz razılığa gəlsək, - bizdə həmişə belə olub, - biz razılaşmaları həmişə reallaşdırırıq və bu gün əmtəə dövriyyəsinin yarım milyarda çatması buna sübutdur,"- cənab Lukaşenko deyib.
Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycana işgüzar səfərə gəlib.
Çərşənbə axşamı Aleksandr Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında qeyri-rəsmi görüş keçirilib.
Minsk Qrupundan "siyasi dialoqu bərpa etməyə" çağırış
ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ müharibəsindəki tərəfləri həmsədrlərin himayəsi altında "ən yüksək səviyyəli siyasi dialoqu mümkün qədər tez bərpa etməyə" çağırırlar.
Həmsədrlər Igor Popov, Stephane Visconti, Andrew Schofer aprelin 13-də bu barədə bəyanat yayıblar.
Həmsədrlər ilkin şərtlər olmadan tərəflərin öz prioritetlərini əks etdirən strukturlaşdırılmış gündəliyi nəzərdən keçirə və razılığa gələ bilməsi üçün öz himayələrində birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrarlayırlar.
Həmsədrlər atəşkəsin möhkəmlənməsindən məmnunluq ifadə ediblər.
Bəyanatda onların həlak olanların qalıqlarının qaytarılması ilə bağlı əldə olunan mühüm nailiyyətləri, köçkün düşənlərin köçürülməsi prosesi, humanitar yardım və uyğun yaşayış şəraitinin təmin edilməsi bağlı davam edən irəliləyiş, habelə bölgədə nəqliyyat və rabitə xətlərinin blokadasının açılmasına yönəlmiş konstruktiv müzakirələri alqışladıqları bildirilir.
Eyni zamanda həmsədrlər tərəflərə həll olunmamış məsələlərin həlli və davamlı sülh üçün əlverişli qarşılıqlı etimad mühiti yaratmaq üçün əlavə səylərin göstərilməsinin vacibliyini xatırlatdılar.
Onlar bəyanatlarında əsir və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq qaytarılması, münaqişə bölgələrinin təsirli minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsini qeyd edirlər.
Bundan başqa bəyanatda beynəlxalq humanitar təşkilatların nümayəndələri daxil olmaqla Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin qaldırılması, dini və mədəni irsin qorunması, və münaqişədən təsirlənmiş icmalarla digərləri arasında etimad qurma tədbirləri arasında birbaşa təmasların və əməkdaşlığın inkişaf etdirilməsi istənilir.
Azərbaycan tərəfi müxtəlif açıqlamalarda "bütün əsirlərin qaytarıldığını" bildirib.
Azərbaycan rəsmiləri bildirib ki, saxlanan erməni hərbçiləri ölkə ərazisinə noyabrın 10-dan, İkinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı razılaşmadan sonra keçiblər. Azərbaycan hesab edir ki, onların "Azərbaycanın ərazilərində onun Silahlı Qüvvələrinin üzvlərinə və mülki əhalisinə qarşı diversiya və terror aktları törətmək məqsədilə" gəliblər. Ölkənin Xarici İşlər Nazirliyi bəyan edib ki, erməni hərbçilər istintaqa cəlb olunublar və Azərbaycanın cinayət qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
ATƏT-in Minsk Qrupunun həmsədrləri qiymətləndirmə və vasitəçilik rollarını yerinə yetirmək üçün Dağlıq Qarabağ və ətraf bölgələr daxil olmaqla bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını da vurğulayıblar.
İkinci Qarabağ müharibəsi 2020-ci ilin sentyabrın 27-də başlayıb və 44 gün davam edib. Müharibə 2020-ci il noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın birgə imzaladığı bəyanatla başa çatıb. (BBC.com)