İctimai fəal Bəxtiyar Hacıyev
Təsəvvür edin, bir qrup vətəndaş İlham Əliyevin “ictimai nəzarət güclənməlidir” çağırışına istinad edərək, onu prezident kimi görərək ona kollektiv bir müraciət/şikayət ünvanlayır, vətəndaşlardan biri Prezident Administrasiyasına yaxınlaşır.
İki ssenari ola bilər:
1-ci ssenari: Ətrafdakı polis əməkdaşları vətəndaşa kömək edir, vətəndaş Administrasiyadakı vətəndaşların müraciətləri ilə iş şöbəsinin məktublar üçün nəzərdə tutulmuş hissəsinə yaxınlaşır, orada müraciəti ya qəbul edirlər, ya da yox. Vətəndaş da hər iki halda Administrasiya əməkdaşına və polislərə təşəkkür edir, çıxıb gedir. Sərf olunan müddət 2 dəqiqə, sıfır stres, sıfır insident, sıfır gərginlik.
2-ci ssenari: Vətəndaş yaxınlaşır, polis əməkdaşları yolun ortasında qarşısını kəsirlər, “məktubda nə yazılıb, bizə deməlisən, deməsən, buraxmırıq” deyirlər. Vətəndaş buna etiraz edir, prezidentə ünvanlanan müraciəti polis serjantının həll etmək səlahiyyətində, yaxud imkanında olmadığını bildirir. Polis israrla soruşur, “deməsən nə yazılıb, buraxmayacağıq” deyir. Sonra bir az da irəli gedib “burada dayanmaq olmaz, uzaqlaşın buradan” deyir. Vətəndaş da tərsliyinə salır, “küçədə dayanmaq qadağandırsa, tədbir görün” deyir. Məsələ böyüyür, 40-45 dəqiqə ərzində hissə-hissə 15-20 polis əməkdaşı ora yaxınlaşır, mübahisə başlayır, qışqır-bağır, polisin vətəndaşa hədəsi, vətəndaşın polisə eyni tonda cavabı, sonra polis əməkdaşlarından birinin telefonla vətəndaşı gizli çəkməsi, vətəndaşın buna etirazı, daha bir insident… Xeyli gərginlik, xeyli stres, hakimiyyətə artan nifrət və s. və ilaxır.
Sizcə, sabiq DİN rəhbəri, yeni prezident V.Eyvazovun Prezident Administrasiyası ətrafına seçib qoyduğu ən qaymaq polislər bu iki yoldan hansını seçir? Sıfır stres, sıfır insident olanı, yoxsa, ikincini?
Sabiq DİN rəhbəri, yeni prezident V.Eyvazovun polisləri əlində iki şüşə benzin olan vətəndaşı Prezident Administrasiyasının içinə qədər buraxırsa, amma əlində sabiq prezident İlham Əliyevə ünvanlanmış şikayəti buraxmırsa, bunu necə qəbul etmək olar? “Özünü yandırmaq istəsən buraxarıq, amma İlham Əliyevi prezident kimi görüb, ona yazılı müraciət etmək istəsən buraxmarıq, əlavə gərginlik yaradarıq ki, ona nifrətin artsın”… Bu addımların bundan başqa nə izahı ola bilər ki?
Bundan sonra şikayətlərimizi İlham Əliyevə yox, Vilayət Eyvazova yönəldək, onun Prezident Administrasiyası yanında dayanmış serjantları da məsələləri həll etsin.
P.S: Hörmətli prezident Vilayət Eyvazov cənabları, sizə yeni daxili işlər nazirindən şikayətim var. 10 gündür DİN Baş pasport, qeydiyyat və miqrasiya idarəsindən bir arayış almalıyam. Hamıya 100-100, 1-5 manat arası yerindəcə verilsə də, 10 gündür bizə verilmir. Cənab prezident Eyvazov, bizə topdan lazım deyil, pərakəndə qiymətlə 20 manat da verməyə hazıram, o arayışın bizə də satılması üçün yeni daxili işlər nazirinə göstəriş verə bilərsiniz, zəhmət olmasa?