Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi keçirilib. İclasa rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov da qatılıb. O öz çıxışında xarici aviaşirkətlərin Azərbaycan bazarına niyə daxil olmamasına da toxunub. Nazir müavini bildirib ki, xarici aviaşirkətlərdə Azərbaycan bazarına maraqsızlığın başlıca səbəbi sərnişin axınının yetərsizliyindən və viza rejimindən qaynaqlanır: “Dünyada bütün hava yolları, eyni zamanda, AZAL yeni reys açmamışdan qabaq xüsusi bir sistem vasitəsilə iki məntəqə arasında sərnişin axınına baxır. Əgər bu yoxdursa, heç bir halda ora təyyarə uçuşlarının olması sərfəli deyil. Təbii ki, bunun digər səbəbi ölkələrin viza rejimi ilə bağlıdır. Vizasız gediş-gəliş varsa, sərnişin artımı da çox olur, bu da öz növbəsində qiymətlərə təsir edir”.
R.Hümbətov çıxışında AZAL-ın təklif etdiyi xidmətlərin dəyəri tez-tez narazılıq və mübahisə doğurduğundan qiymət siyasətinə də toxunub. Nazir müavini bilet qiymətləri məsələsində günahı hökumətdə görür: “Qiymətlərə təsir edən birinci amil yanacaq məsələsidir. Vaxtilə AZAL-a yanacaq qiymətində güzəşt edilirdisə, indi yanacaq dünya qiyməti ilə alınır, AZAL-a heç bir güzəşt yoxdur”.
Nazirlik rəsmisinin fikrincə, qiymətlərə təsir göstərən digər amil təyyarənin alınma və saxlanma xərcləridir. Təbii ki, yardımçı işçilər, pilot, xidmət də qiymətlərə təsir edir.