Bu cinayət işinin... yalanlardan ibarət cızma-qara olduğunu sizə elə şəkildə sübut edəcəm ki, heç nəyə don geyindirə bilməyəcəksiniz". Bunu Bakı Ağır Cinayətlər Məhkəməsində martın 10-da hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə 9 il həbs cəzası alan Tofiq Yaqublu 135-səhifəlik son sözündə deyib.
İttihama görə, T.Yaqublu Elşən Hüseynov adlı şəxsə vaxtı bitmiş ümumvətəndaşlıq pasportunun əsasında bir gün ərzində Almaniyaya viza və bu ölkənin vətəndaşlığını düzəldəcəyinə söz verərək onun 25 min avrosunu və 10 min manatını mənimsəyib.
Müxalifətçi qeyd edib ki, cinayət işində pulun məbləği və tərkibi ilə bağlı çoxsaylı ziddiyyətlər var: "Şahid Maya Yaqublu bildirdi ki, bizim evdə axtarış aparılarkən polislərin özlərinin döşəyin altına qoyduqları pul bağlamasını çıxardıb açanda həmin pulların üstündə çoxlu ABŞ dolları da var idi, amma onları protokola daxil etmədilər. Görürsünüzmü, necə əcaib mənzərə yaranır, məni şərləmək üçün uydurduqları məbləği özləri qatıb-qarışdırıblar və belə bir rüsvayçı torbatikmə əsasında məni məhkum edəcəksiniz".
T.Yaqublunun deməsinə görə, məhkəmənin əvvəlində hakim ona hüquq və vəzifələrini elan edəndə ona etirazını bildirib: "Dedim ki, 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev hakimiyyəti qəsb edəndən bəri mənim heç bir hüququm yoxdur. Əgər mənim cüzi də olsa hüquqlarım olsaydı, bu qədər qızıl-qırmızı şərlənib həbsə atılmazdım. Bu illər ərzində barəmdə dörd dəfə cinayət işi qaldırılıb...".
O əlavə edib ki, qanunsuz cəzasını ölməyib çəkib qurtara bilsə və azadlığa çıxsa, "rejim" ondan yenə əl çəkməyəcək: "Bu dəfə daha ağır cinayətdə, məsələn, adam öldürməkdə ittiham edəcəklər... Ya da qəzadan-zaddan səhnələşdirib özümü öldürəcəklər. Bütün bunlara rəğmən, buradan bəyan edirəm, heç bir cəza, işgəncə, təhdid və s. məni mənsub olduğum demokratik müxalifət düşərgəsindəki əqidədaşlarımla birlikdə Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə ideyalarının qalib gəlməsi, ölkəmizin demokratikləşərək çağdaş demokratik ölkələr sırasına qoşulması uğrunda mübarizədən çəkindirə bilməz".
T.Yaqublu son sözünü Ukrayna xalqına, onun silahlı qüvvələrinə və prezidenti Volodimir Zelenskiyə ithaf etdiyini bildirib.