"Azel TV" saytının Gürcüstanda həbsdə olan təsisçisi Əfqan Sadıqovun dünən, aprelin 16-da məhkəmənin qərarı ilə azad olunduğu bildirilir.
Bu məlumatı onun həyat yoldaşı Sevinc Sadıqova yayıb: "Gürcüstan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etdi. Bunu əminliklə deyirəm, yaxın gələcəkdə biz bu saxta cinayət işinin bəraətini də mütləq alacağıq".
Bildirilir ki, Gürcüstan qanunvericiliyinə görə, ekstradisiya həbsi üçün nəzərdə tutulan 9 aylıq müddətin tamamlanmasına bir neçə həftə qalmış Tbilisi məhkəməsi belə qərar çıxarıb.
Hələlik, məsələni Gürcüstanın rəsmi qurumlarından dəqiqləşdirmək mümkün olmayıb.
Bu il yanvarın 31-də Tbilisi şəhər Məhkəməsi Ə.Sadıqovun həbs müddətini 3 ay uzatmışdı. Ondan öncə Gürcüstanın Sosial Ədalət Mərkəzi bildirmişdi ki, Avropa Məhkəməsinin qərarına görə, Gürcüstan məhkəməsi bu iş üzrə yekun qərar qəbul edənə qədər Sadıqov Azərbaycana ekstradisiya olunmamalıdır.
Ə.Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana gəlib. Ötən ilin iyulunda o, Gürcüstandan Türkiyəyə buraxılmadığını söyləyib. Avqustda Azərbaycanın sorğusu ilə Ə.Sadıqov həbs edilib. Bakıda o, pul tələb etməkdə ittiham olunur və onun ekstradisiyası tələb olunur. Gürcüstan hakimiyyəti ona siyasi sığınacaq verməkdən imtina edib. 2024-cü il noyabrın 28-də Tbilisi şəhər Məhkəməsi Ə.Sadıqovun Azərbaycana ekstradisiyası haqqında qərar qəbul etmişdi. Lakin qərar icra edilməmişdi.