ToplumTV-nin təsisçisi, media hüququ eksperti Ələsgər Məmmədli deyir ki, onun evindən tapıldığı iddia edilən pulu axtarışı aparanlar özləri gətirmişdilər. Onun sözlərinə görə, evə liftlə qalxanda biri digərinə "əmanət"i avtomobildə unutduğunu söyləyib. Düşüb götürəndən sonra yenidən gəliblər. Ə.Məmmədli aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu barədə danışıb.
Məhkəmədə ToplumTV ilə bağlı cinayət işi üzrə hazırlıq iclası davam edib. Bu işlə bağlı Ə.Məmmədli ilə yanaşı, daha 7 nəfər - III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, ToplumTV-nin jurnalisti Fərid İsmayılov və videoredaktoru Müşfiq Cabbar həbsdədir. Bir nəfər - Elmir Abbasov haqqında da alternativ qətimkan tədbiri seçilib.
Məhkəmənin hazırlıq iclasında vəkillər həbsdə olan jurnalist və fəalların ev dustaqlığına buraxılması, onların haqqındakı cinayət işinə xitam verilməsi barədə vəsatətlər qaldırıblar. Təqsirləndirilən jurnalistlərin özləri isə prokuror Rauf Malışova etiraz verərək onun əvəzlənməsini, psixiatrik ekspertizadan keçirilməsini tələb ediblər.
"AbzasMedia" işi üzrə həbsdəki jurnalistlərin məhkəməsində də prokuror qismində R.Malışovun iştirak etdiyini yada salan jurnalistlər siyasi sifarişli işlərin ona həvalə edildiyini vurğulayıblar.