Bu gün, aprelin 24-də "Xural TV" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının səhhətinə görə cəzasının qalan hissəsindən azad olunması ilə bağlı məhkəməyə edilən müraciətə baxılıb.
Ə.Zeynallı müraciətin baxıldığı Nizami rayon Məhkəməsinə gətirilmədiyi üçün iclas onlayn formada baş tutub.
Məhkəmə Ə.Zeynallının xəstəliyinin təsdiqi üçün işin tibbi şəhədətləndirilməyə göndərilməsi barədə qərar verib. Qərara əsasən, Ə.Zeynallı xəstəliyi ilə bağlı tibbi komissiyadan keçiriləcək.
Proses qeyri-müəyyən vaxta təxirə salınıb.
Məhkəmə prosesindən sonra xanımı Məlahət Zeynallı deyib ki, Ə.Zeynallını hələ martda, Novruz bayramından öncə Onkologiya Mərkəzinə aparıb "biopsi" götürüblər, nəticəni bayramdan sonra bildiriblər: "Bu gün artıq gecdir. Biz zamanla döyüşürük".
15 aprel
Əvəz Zeynallının cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edilib: 'Qanun imkan verir'
"Xural TV" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallının sağlamlığındakı problemlə bağlı cəzasının qalan hissəsindən azad edilməsindən ötrü vəkilləri məhkəməyə üz tutublar. Bunu vəkillərdən Rəşad Əliyev deyib.Müdafiəçi bildirib ki, həmkarı Fəxrəddin Mehdiyevlə birlikdə ərizəni aprelin 15-də Nizami rayon Məhkəməsinə təqdim ediblər.
"Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş şəxs məhkəmənin qərarıyla cəza çəkməkdən azad edilə bilər", - vəkil qanunun buna imkan verdiyini ayrıca vurğulayıb.
R.Əliyev deyir ki, "Məhkumların xəstəliyə görə cəza çəkməkdən azad edilmələri üçün əsas olan xəstəliklərin Siyahısı"na "Beynəlxalq TNM klassifikasiyasına görə bütün bədxassəli şişlər" də daxildir: "Ümid edirəm ki, məhkəmə qanunvericiliyin tələblərini, müvafiq tibbi rəy və sənədləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qərar qəbul edər".
Ə.Zeynallıya xərçəng xəstəliyi diaqnozu qoyulduğu bildirilir. Bu barədə onun həyat yoldaşı Məlahət Zeynallı məlumat yayıb. Onun AzadlıqRadiosuna bildirdiyinə görə, xəstəlik təhlükəli şəkildə irəliləyir, müalicə üçün vaxt azalır: "Bağırsağında olan bədxassəli şiş artıq metastaz verib, xərçəng qaraciyərinə yayılıb. Bugünlərdə kimyaterapiyaya başlayacaqlar".
Həyat yoldaşının sözlərinə görə, Ə.Zeynallı son aylar 25 kiloqramdan çox çəki itirib. O, Baş Tibb İdarəsinin Müalicə Müəssisəsində Zeynalının müalicəsinə gərəkən imkanların olmasına da şübhə edir.
Deyilənlərə Ədliyyə Nazirliyi və başqa aidiyyəti rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Əvəz Zeynallı 2022-ci il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham "Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri Rasim Məmmədovun həyat yoldaşından 20 min manat rüşvət alınması ilə bağlı idi. Sonradan dələduzluq, nüfuz alveri kimi yeni ittihamlar da irəli sürülüb.Ə.Zeynallı özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.
Ötən il Ə.Zeynallıya 9 il həbs cəzası kəsilib. Sonradan bu cəzanın müddəti 2 ay azaldılıb.