SON DƏQİQƏ

MSŞA Koalisiyası Şurasının növbəti iclası keçirilib

Tarix:6-03-2017, 17:39

Martın 4-də Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Şurasının 171-ci Şura iclası keçirilib. Şura iclasında Koalisiyadakı hazırkı durum və qarşıda duran vəzifələr müzakirə olunub.

İclasda 08-09 mart 2017-ci ildə Boqotada keçiriləcək MSŞT Beynəlxalq İdarə Heyətinin 36-ci iclasına hazırlıq məsələləri müzakirə olunub, Koalisiyanın hazırkı durumla bağlı mövqeyi müəyyənləşdirilib. Müzakirələr zamanı Şura üzvləri təəssüflə bildiriblər ki, Beynəlxalq İdarə Heyətinin 2016- cı ilin oktyabr ayında Astanada keçirilən toplantısı zamanı ölkəmiz qarşısında qoyulan 3 tələb- reyesterdən çıxarışın, donorların qeydiyyatının və qrant layihələrinin qeydiyyatının ləğv olunması problemi ötən müddət ərzində həllini tapmadı. QHT- lər haqqında qanunvericilyə son zamanlar edilmiş məhdudlaşdırıcı əlavə və düzəlişlərin aradan qaldırılması istiqamətində addımlar atılmadı. Koalisiya üzvlərinin bir sıra problemləri həll olunmamış qaldı. Koalisiyanın üzvü olan 40- dan artıq QHT Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmır. Bir çox təşkilatların qrant layihələri adı çəkilən nazirlik tərəfindən süni şəkildə qeydiyyata alınmır. Sərhəd keçid məntəqələrində əsassız yoxlamalara məruz qalan, eyni zamanda cinayət məsuliyyətinə cəlb edilərək  azadlıqdan məhrum edilmiş, həmçinin barəsində cinayət təqibi davam etdirilən Koalisiya üzvləri var. Dövlət Neft Fondunun timsalında hakimiyyət Koalisiyanın daxili işlərinə müdaxilə edir, Koalisiyadan Çoxtərəfli Qrupa üzv seçilmiş şəxslərin normal fəaliyyət göstərməsinə imkan verilmir. İclasda qərara alınıb ki, Koalisiya üzvlərinin rastlaşdığı bu və digər problemləri, mövcud vəziyyəti özündə əks etdirən mövqe sənədi və müraciət hazırlanıb aidiyyatı dövlət qurumlarına, o cümlədən MSŞT Beynəlxalq İdarə heyətinə göndərilsin.

İclasda Koalisiyada münasibətlərin uzlaşdırılmasına dair Sabit Bağırovun Şuraya ünvanladığı təklifləri müzakirə olunub. Qərara alınıb ki, onun iştirakı ilə müzakirələr növbəti iclasda davam etdirilsin.

Şura üzvləri Koalisiya Əsasnaməsinin 5.2- ci maddəsinin tələblərinə uyğun olaraq mayın 1-dən gec olmayaraq Koalisiyanın XIX Ümumi Yığıncağının keçirilməsinə qərar verib və bununla bağlı Şura üzvlərinin iştirakı ilə Yığıncağa hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Eyni zamanda iclasda Koalisiyanın Əsasnaməsinin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrupun formalaşması elan olunub.

İclasda Koalisiyaya yeni üzvlər qəbul olunub. Eyni zamanda Şura üzvlərinin davamiyyət məsələsi müzakirə olunub. Üzürsüz səbəbdən Şura iclaslarında iştirak etməyən Şura üzvlərinə xəbərdarlıq edilib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN