Demokratik Qüvvələrin Milli Şurası Bakıda mitinq keçirmək haqqında qərar verib. Mitinq aprelin 9-da keçirilməsi planlaşdırılır.
Bu haqda Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli məlumat verib.
Ə. Kərimli mitinqlə bağlı əlaqəli icra hakimiyyəti qurumlarına müraciət göndəriləcəyini deyib.
“Bu mitinq dinc xarakterli olacaq. Şəhər rəhbərliyi ilə razılaşdırılacaq. Heç bir zorakılığa imkan verilməyəcək. Biz bu prosesi davamlı olaraq dinc yolla aparmaq niyyətindəyik”, o, qeyd edib.
Əli Kərimli mitinqin əsas şüarlarını da açıqlayıb.
“Bu mitinq ölkədə geniş yayılmış korrupsiyaya qarşıdır. Azərbaycan dövlətinin varının talan edilməsinə, bu qədər varlı ikən xalqımızın yoxsul hala salınmasına qarşıdır. Bahalaşmaya, sülalə sisteminin formalaşdırmasına qarşıdır. Bu mitinq həmçinin, siyasi məhbusların azad edilməsi tələbi ilə keçiriləcək. Biz hesab edirik ki, azad düşüncəli insanlarımız, inanclı kəsim həbsdə olmamalıdır”, Əli Kərimli vurğulayıb.
O, xüsusi qeyd edib ki, bu aksiya seçki mitinqi olmayacaq.
“Bu mitinq ona görə keçirilmir ki, kimsə hansısa məqsədinə, vəzifəyə çatsın. Bu siyasi partiya çərçivəsində olan mitinq deyil. Bu ümummilli mənafelərimizdən ötrü keçirilən aksiyadır. Xalqın haqqı var ki, bu hökumətdən soruşsun: son 10 ildə ölkəyə 150 milyon neft pulu gəlmişkən, ölkəni necə idarə etdiniz ki, sadə xalq çörək dərdi çəkmək zorunda qalıb?...”, Əli Kərimli bildirib.