Əvvəldən xəbər verdiyimiz kimi Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzrə nümayəndə heyəti Avropa Parlamentinin dəvəti əsasında Brüsseldə rəsmi səfərdədir. Millət vəkili, Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevin sədrlik etdiyi iclasda komitə üzvləri Kamran Bayramov, Azər Kərimli, Elman Nəsirov və Elşad Həsənov iştirak edirlər. İclasda Avropa Parlamenti üzvləri, siyasi qrupların müşavirləri, həmçinin Avropa Komissiyasının və Avropa Xarici Fəaliyyət Xidmətinin yüksək səviyyəli rəsmiləri cənab Dik Şubel və cənab Lourens Meredits iştirak edirlər.
Milli Məclisdən FaktXəbər-ə verilən məlumata görə, Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının ikinci iş günündə gündəlik üzrə daha üç məsələ müzakirə edilib.



Ətraflı müzakirələrdən sonra qurumun səmərəliliyini artırmaq məqsədi ilə Parlament Əməkdaşlıq Komitəsinin Prosedur Qaydalarına bir sıra dəyişikliklər edilməsi qərara alınıb. Bununla da Parlament Əməkdaşlıq Komitəsinin XIV iclasının gündəliyində duran əsas məsələlərin müzakirəsi başa çatıb.
Sonda XIV iclas çərçivəsində müzakirə olunan məsələlərə dair Yekun Bəyannamə qəbul olunub. Yekun Bəyannamədə hərtərəfli əməkdaşlıq haqqında yeni müqavilənin Aİ və Azərbaycanın strateji maraqlarına uyğun olduğu, Aİ ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq sahəsində böyük potensialın mövcudluğu qeyd olunub. Azərbaycanda siyasi vəziyyət, həyata keçirilən iqtisadi və siyasi islahatlar, vətəndaş cəmiyyəti təsisatlarının rolu haqqında Aİ ilə Azərbaycan arasında açıq və konstruktiv dialoqun faydalı olduğu vurğulanıb.
Sənəddə həmçinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tez bir zamanda həllinə nail olunması üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinə və digər beynəlxalq təşkilatlara çağırış ifadə olunmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, qaçqın və məcburi köçkünlərin fundamental haqların bərpa olunması, BMT TŞ-nın məlum 4 qətnaməsinə və Avropa təsisatlarının müvafiq qərarlarına əməl olunması zərurəti qeyd edilib.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hökumət və vətəndaş cəmiyyəti təsisatları tərəfindən irəli sürülən bütün təşəbbüslər, o cümlədən Ermənistan və Azərbaycan QHT-ləri tərəfindən təsis olunmuş Sülh Platforması ideyası alqışlanıb. Sənəddə qeyd olunur ki, PƏK münaqişə tərəflərini, o cümlədən AP və Milli Məclis üzvlərini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəlmiş bütün təşəbbüsləri dəstəkləməyə, regionda vəziyyətin gərginləşməsinə və zorakılığın artmasına səbəb ola biləcək addımlardan çəkinməyə çağırır.