SON DƏQİQƏ

İlham Əliyev IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında iştirak edib

Tarix:5-05-2017, 10:45

UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar” mövzusunda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Heydər Əliyev Mərkəzində rəsmi açılışı olub.

 

SonXəbərlər-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

 

Prezident açılış mərasimində çıxış edərək bildirib ki, Azərbaycan hər zaman xalqlar və dinlər arasında anlaşmanın səviyyəsini artırmağa çalışır.

 
Dövlət başçısı bildirib ki, Azərbaycanın tarixi, mədəniyyəti uğur qazanmağa imkan verir: "Biz birləşməliyik. Bu gün bu Forumda beynəlxalq ictimaiyyətin əksəriyyəti təmsil olunur. Biz sübut etməliyik ki, multikulturalizm yaşayır. Bu, dünyanın təhlükəsizliyi üçün yeganə yoldur".
 
Prezident İlham Əliyev qeyd edib ki, 2008-ci ildə "Bakı prosesi"nə start verilib: "2008-ci ildə Avropa Şurası ölkələri nazirlərinin toplantısını keçirən zaman müsəlman ölkələri nazirlərini dəvət etdik, mədəniyyətlərarası dialoqu müzakirə etdik. 2009-cu ildə müsəlman ölkələri nazirlərinin toplantısına isə Avropa ölkələrinin nazirlərini dəvət etdik. Azərbaycan mədəniyyətlərarası dialoqda bu rolu oynamaqla fəxr edir. Təklif edilib ki, Bakı prosesi mükafatı təsis olunsun, mədəniyyətlərarası dialoqa töhfə verən insanlara təqdim edilsin".
 
Dövlət başçısı bildirib ki, 2015-ci ildə ilk Bakıda Avropa Oyunları keçirilib: "Azərbaycanın təşəbbüsü olmasaydı, Avropa Oyunları keçirilməzdi. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizdə multikulturalizmin daha bir nümayişidir. Bu il biz IV İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik, 3 mindən artıq idmançı ölkəmizə gələcək. Biz bununla xalqları, xüsusən müsəlman xalqlarını birləşdiririk. Azərbaycan İslam dəyərlərini təşviq etmək üçün müxtəlif tədbirlər keçirir. Azərbaycan islamofobiyaya qarşı mübarizə aparan ölkələrin ön cərgəsində dayanır".

 

Forumda 800-dən çox xarici nümayəndə iştirak edir. Buraya yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament sədrləri, tanınmış alimlər, səfirlər, ictimai xadimlər daxildir. Artıq qlobal mədəniyyətlərarası dialoq platformasına çevrilən Forumda ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat rəhbər səviyyəsində təmsil olunur.

 

Forum çərçivəsində beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, 40-dək sessiya və tədbir keçiriləcək.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN