SON DƏQİQƏ

Erməni general Türkiyə və Azərbaycanı hədələdi – cavab gecikmədi

Tarix:8-05-2017, 10:53

Hərbi ekspert: “Bakı və Ankara Rusiyaya narahatlığını çatdırmalı, erməni komandirin cəzalandırılmasına nail olunmalıdır”

 


Ermənistan-Rusiya birgə qoşun qruplaşması Qarabağda vəziyyətin gərginləşməsi halında ləngimədən tətbiq edilə bilər. Belə bəyanatla həmin qoşun qruplaşmasının komandanı, Ermənistan ordusunun general-mayoru Andranik Makaryan keçirdiyi mətbuat konfransında çıxış edib.

 


Eyni zamanda, Ermənistan ordusunun Naxçıvan və Türkiyə ilə sərhəd istiqamətinə cavabdeh olan 4-cü ordu korpusunun komandanı olan general Makaryan bildirib ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşmasının komandanı həm dinc, həm hərbi dövrdə Ermənistan silahlı qüvvələrinin sıralarından təyin ediləcək. Çünki bu, onun sözlərinə görə, birgə qoşun qruplaşmasının yaradılmasına dair müqavilədə əksini tapıb.

 


Jurnalistlər sual veriblər: bəs Qarabağda vəziyyət gərginləşərsə Ermənistan-Rusiya birgə qoşun qruplaşması müdaxilə edə bilərmi? Makaryan bildirib: “İstənilən təhdid zamanı ləngimək olmaz”. Bu zaman jurnalist dəqiqləşdirici sual verib: “Ola bilərmi ki, Rusiya prezidenti Vladimir Putin sizə hücum etməmək barədə əmr versin?”. “Xeyr, belə əmr verə bilməz” - Makaryan özündən razı halda vurğulayıb və əlavə edib ki, Ermənistan-Rusiya qoşun qruplaşması Türkiyə tərəfdən yönələ biləcək təhdidləri də neytrallaşdırmağa hazırdır: “Əgər Türkiyə istiqamətindən təhdid yaranarsa biz hərəkətə keçəcəyik. Çünki sənəddə belə yazılıb”.

 

 

 


Ermənistan-Rusiya birgə qoşun qruplaşmasına Ermənistan ordusunun 4-cü korpusu, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının qoşunları və İrəvandakı Erebuni aviabazası daxildir. Bu qruplaşmanın yaradılmasında məqsəd Ermənistanın sərhədlərinin təhlükəsizliyini qorumaq olduğu açıqlanmışdı, Rusiya tərəfdən danışanlar deyirdilər ki, qruplaşma Qarabağ münaqişəsi zonasında mümkün eskalasiyaya qarışa bilməz. Lakin indi həmin qruplaşmanın komandanı əminliklə deyir ki, erməni-rus qoşun qruplaşması Qarabağa da müdaxilə edə bilər.

 

Image result for Üzeyir Cəfərov

 


Hərbi ekspert, istefada olan polkovnik-leytenant Üzeyir Cəfərov məsələ ilə bağlı bildirdi ki, erməni generalın dedikləri sərsəmləmədir və erməni ictimaiyyətini ruh yüksəkliyinə kökləməyə hesablanan fikirlərdir: “Təxminən bir ildir erməni hərbi və siyasi rəhbərliyi, generalları vaxtaşırı bu cür hədələyici, özündən razı tonda bəyanatlar verirlər. O qədər qeyri-ciddiliyə yuvarlanıblar ki, hətta bu generalların bəziləri nə danışdıqlarının, bəyanatlarının nələrə səbəb ola biləcəyinin fərqində deyillər. Məlum bəyanatı verən Makaryanı komandir təyin edəndə biz bəyan edirdik ki, erməni hərbçinin komandir qoyulması problemlər meydana çıxara bilər, Rusiyanın özünü belə, problemlə üz-üzə qoya bilər. Artıq erməni general məlum sərsəm bəyanatı dilə gətirməklə Rusiyanı da ən azından bir açıqlama, izahat vermək durumuna salmış olub. Rusiya izahat və açıqlama verməlidir ki, erməni generalın dedikləri Rusiya Müdafiə Nazirliyinin mövqeyi deyil və onun dediklərinin həyata keçməsi mümkün deyil. Erməni general əslində Rusiya prezidentinə də meydan oxumuş olub. Onun ”mənə Putin əmr verə bilməz" açıqlamasının bir mənası da budur. Hesab edirəm ki, yəqin bu başdan xarab erməni generalla bağlı bir ölçü götürüləcək. Ola bilsin ki, onun vəzifədən uzaqlaşdırılması məsələsi gündəmə gələcək. Çünki Rusiya və şəxsən Putin belə məsələləri, bu cür özfəaliyyətləri bağışlamır. Birgə hərbi birləşmə istənilən halda hər hansı bir qərarı iki ölkənin rəhbərliyi ilə razılaşdırıb buna əsasən verməlidir. General Makaryan isə özünü elə aparır ki, sanki birləşmiş hərbi birləşmə onun şəxsi mülküdür və istədiyi vaxt bu birləşməyə istədiyi əmri verə bilər".

 


Ekspert vurğuladı ki, erməni generalın bəyanatına Türkiyə Azərbaycan rəsmi şəkildə reaksiya verməlidir: “Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Rusiyaya narahatlığını bildirməlidir. Vaxtında məsələyə ciddi reaksiya verilməlidir və Rusiyanın erməni komandirinin cəzalandırmasına nail olunmalıdır ki, gələcəkdə onun hansısa ağılsız göstərişləri ilə nə biz, nə də Rusiya üz-üzə qalmasın. Çünki onun nə vaxtsa hərbi birləşməyə indi dilinə gətirdiyi fikirləri əmr etməsi mümkündür. Demirəm ki, əmri dərhal icra olunacaq, ancaq sözsüz ki, belə bir əmrin olması belə, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilər. Rusiya hakimiyyətinin nəzərinə bütün bu məsələlər rəsmi şəkildə çatdırılmalıdır. Mən düşünmürəm ki, Rusiyanın hansısa zabiti və birləşmiş hərbi birləşmənin şəxsi heyəti erməni generalın hansısa qanunsuz əmrini icra eləsin. Ancaq hər bir halda biz dövlət olaraq bu məsələnin üstündən sükutla keçməməliyik. Makaryan nə qədər qeyri-ciddi bəyanat veribsə belə, Azərbaycan bu məsələyə reaksiya verib narahatlığını Rusiyaya çatdırmalıdır”.

 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN