SON DƏQİQƏ

Qətər böhranı yeni mərhələdə

Tarix:13-06-2017, 10:06

Doha Vaşinqtonda dəstək axtarır

Bir neçə ərəb ölkəsi ilə Qətər arasında böhran davam edir. Ötən həftənin əvvəli Səudiyyə Ərəbistanı başda olmaqla, bir neçə ərəb və Afrika ölkəsi Qətəri terrorizmi dəstəkləməkdə ittiham edərək onunla əlaqələri dayandırıb. Hazırda faktiki olaraq körfəz ərəb ölkələrinin blokadasında olan Qətərə ərzaq və nəqliyyat dəstəyini Türkiyə və İran verir.


Bir həftə əvvələ qədər Qətərlə Yaxın Şərq və dünya siyasəti mövzularında müttəfiq olan ölkələrin indi onu az qala işğala hazırlaşmasının arxasında bir sıra amillər dayansa da, hələlik rəsmi ittiham Qətərin terrorizmi dəstəkləməsidir. Hətta bu ölkənin ən yaxın müttəfiqi olan ABŞ-ın prezidenti də Qətər rəhbərliyini terroru dəstəkləməkdə ittiham edib. Prezident Tramp bildirib ki, Qətər uzun zamandır terrora dəstək verir və artıq bu dəstəyi dayandırmaq zamanı gəlmişdir. Eyni zamanda Tramp deyib ki, ötən ay Ər-Riyadda keçirilən sammitdə terrorun maliyyələşməsinin qarşısının alınması ilə bağlı razılıq əldə olunub.


Ancaq maraqlıdır ki, prezidentdən fərqli olaraq dövlət katibi və Pentaqon daha yumşaq və barışdırıcı çağırışlar edir. Yeri gəlmişkən, Qətərdə ABŞ-ın bölgədə ən böyük hərbi hava bazalarından biri yerləşir. Bazada 11 min Amerika əsgəri mövcuddur, baza İŞİD-ə qarşı əməliyyatların mərkəzidir.


Qeyd edək ki, sözügedən dövlətə qarşı əsas ittiham bu ölkənin terroru maliyyələşdirməsi ilə bağlıdır. Ancaq konkret olaraq hansı qruplaşmaya və nə zaman maliyyə ötürməsi haqda detallı bilgi yoxdur. Bəzi müşahidəçilərə görə, söhbət bir neçə ay əvvəl İraq ərazisində ov edərkən əsir düşən qətərlilərin azad edilməsi üçün ödənən puldan gedir. Belə ki, iddialara görə bu ilin əvvəlində İraqda ov edən Qətər hakim ailəsinə mənsub 26 əsilzadə yerli “Hizbullah Briqadaları” adlı qruplaşma tərəfindən girov götürülüb. Daha sonra onların azad edilməsi üçün Qətər hakimiyyəti həm qruplaşmaya pul ödəyib, həm də Suriyada mühasirədə olan şiə qəsəbələrini azad etməsi üçün radikal silahlı qruplara pul ödəyib. Ümumilikdə Qətərin şahzadələri azad etmək üçün 1 milyard dollara yaxın pul xərclədiyi və bunun 400 milyona qədərinin Tehrana çatdığı iddia olunur. İddialara görə, məhz bu hadisə ərəb ölkələrini, xüsusən də İranla düşmən vəziyyətində olan Səudiyyə Ərəbistanını qəzəbləndirib, o da bunu İranla gizli əməkdaşlıq olaraq təqdim edib.


Son məlumatlara görə, Qətər hökuməti bu iddialara qarşı terrorla mübarizə fəaliyyətlərini təftiş etmək üçün ABŞ-ın sabiq ədliyyə naziri Con Eşkroftun hüquq firması ilə müqavilə bağlayıb. Hüquq firması ərəb dövlətlərinin Qətərə qarşı iddialarını araşdıracaq. 90 gün davam edəcək təftiş fəaliyyətləri üçün Eşkroftun firmasına 2,5 milyon dollar pul ödənəcək. Firma Qətər hökumətinin terrora qarşı mübarizəsi, terrorun maliyyələşməsinə qarşı fəaliyyətlərini araşdırıb məruzə hazırlayacaq. Eyni zamanda firma Qətər hökuməti üçün lobbi fəaliyyətləri həyata keçirəcək.


Görünən odur ki, Qətər hökuməti özünü məhz amerikalılar qarşısında təmizə çıxarmağa çalışır. Bu isə o deməkdir ki, Doha əsl sifarişçinin kim olduğunu bilir. Və aydın məsələdir ki, indi Doha üçün əsas olan özünü Vaşinqtondan gələn təhlükədən qorumaqdır. Eyni zamanda aydın məsələdir ki, Doha indi Trampı deyil, Vaşinqtondakı siyasətçiləri və bürokratları düşünür, onların qarşısında təmizə çıxmağa çalışır. Eşkroftun firması məhz bu işdə onlara yardım edəcək. Çünki ötən həftə Tramp özü telefonla danışaraq Qətər əmirini Vaşinqtona dəvət etmişdi. Ancaq əmir bu dəvəti rədd etdi. Əgər Qətər rəhbərliyi Trampla görüşü rəd edib təmizə çıxmaq üçün amerikalı firma ilə anlaşma imzalayırsa, deməli, hədəfi başqadır. Doha Vaşinqtondakı liberal dairələr, bürokratiya və Senatdakı demokratların dəstəyini almağa çalışır. Onsuz da hökumət - xarici işlər və müdafiə nazirlikləri - Qətər məsələsində Trampla eyni mövqedə deyil. Belə çıxır ki, Qətər mövzusunda Tramp “daha müstəqil” mövqe sərgiləyir. Bu isə Dohadakıları ümidləndirir.


Digər tərəfdən, Qətər əleyhinə blokadaya qoşulanlar olduğu kimi, əksinə, Qətəri müdafiə edən Mərakeş, Pakistan kimi dövlətlər də var. Dünyanın 3-cü qaz ölkəsinin fantastik pulları var və yəqin ki, bir qədər də davam gətirəcəyi halda ərəb ölkələrinin bir qisminin dəstəyini alacaq. Üstəlik, Türkiyə, İran və Pakistan kimi ərəb olmayan müsəlman ölkələrinin. O cümlədən “Müsəlman Qardaşlar” Hərəkatı kimi müsəlman dünyasında geniş yayılmış bir hərəkatla müttəfiq olan Qətərin ərəb-müsəlman ictimai rəyində ciddi dəstəyi var. Hələlik körfəzdə Qətər sıxışdırılsa da, bu prosesin bir müddət uzanması əks təsir göstərə bilər. Görünən odur ki, Doha da bunu hesablayıb, o səbəbdən də Trampın görüşünə gedib “ağ bayraq” qaldırmağa tələsmir.


Qətər Avropa və ABŞ üçün strateji əhəmiyyətli ölkədir. Bu səbəbdən də münaqişə uzanacaqsa, dünya Səudiyyə koalisiyasına dəstək verməyə bilər. Qətər rəhbərliyi də bunu hesablayıb. Əgər yaxın günlərdə Qətər işğal olunmasa, ərəblər geri çəkilməyə məcbur qalacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN