Elçin Mirzəbəyli: “Dünya Rusiya kimi nəhəng nüvə dövlətinin parçalanmasına hazır deyil”; Əhəd Məmmədli: “Rusiyanın xələfi SSRİ də məhz neftin qiymətlərinin düşməsindən təlatümlərə uğradı”
Son zamanlar Rusiyanın parçalanacağı ilə bağlı fikirlər intensiv şəkildə səslənir. Dünyanın müxtəlif ölkələrinin tanınmış simaları proseslərin bu şəkildə davamının şimal qonşumuz üçün fəlakətlə nəticələnəcəyini, sonunda Rusiya Federasiyasının bir neçə yerə ayrılacağını proqnozlaşdırırlar.
Hətta ABŞ-ın “Stratfor” analitik mərkəzinin qurucusu Corc Fridman Rusiyanın 2020-ci ilə qədər parçalanacağını deyir. Son olaraq, Polşa müdafiə nazirinin keçmiş müavini Romuald Şeremetyev Kremlin dağılmasından danışıb: “Rusiyanın xəritəsinə nəzər salmaq kifayətdir. Onun sərhədlərində yalandan müstəqil respublikalar və muxtar vilayətlər yerləşir, Moskvanın birmənalı şəkildə Rusiyanın saydığı ərazilərdə isə ruslara dəxli olmayan çox böyük milli qruplar yaşayır. Rusiya silahlı qüvvələrində müsəlmanların sayı 30%-i keçir... Rusiyalılar Çeçenistanı ram edə bildilər, amma problemlər qalır, zaman-zaman geri dönür”.
Rusiyada son günlərdəki kütləvi antikorrupsiya aksiyalarından sonra belə fikirlərin sayı daha da artıb. Neftin qiymətinin aşağı düşməsi, üç ildir Qərbin sanksiyaları altında qalması, bunların da üstünə ölkə daxilində irimiqyaslı aksiyaların əlavə olunması Vladimir Putin hakimiyyəti üçün heç də xoş sonluq vəd etmir.
Cənub qonşumuz İranın da vəziyyətinin ürəkaçan olmadığı vurğulanır. Rusiyanın yanında dayanan, Qərblə münasibətləri soyuqlaşdıran rəsmi Tehranın sonunda bunun bədəlini ödəyəcəyi bildirilir.
Hər iki dövlətin fonunda Azərbaycan məsələsi də gündəmdədir. Belə ki, Rusiya və İranın parçalanmasının rəsmi Bakı üçün nə vəd etməsi ilə bağlı müxtəlif fikirlər var.
Politoloq Elçin Mirzəbəyli deyir ki, Romuald Şeremetyevin öncəgörənliyi müəyyən qədər Polşada mövcud olan aqressiv anti-Rusiya əhval-ruhiyyəsindən qaynaqlanır: “Ehtimal olaraq istənilən ölkənin, xüsusilə də federativ sistemə malik dövlətlərin parçalanması mümkündür. Lakin bu prosesin hətta ehtimal olaraq da qısa bir zamanda baş verəcəyi imkansızdır. Dünya Rusiya kimi nəhəng bir ölkənin, həm də nüvə dövlətinin parçalanmasına hazır deyil. Bu çox böyük fəlakətə yol aça bilər. Xüsusilə də Avropa dövlətləri, elə Polşanın özü üçün də. Təsəvvür edin, Rusiya parçalanır, federasiyanın ayrı-ayrı subyektləri müstəqillik əldə etməyə çalışırlar. Mərkəzi hakimiyyət, ordu, xüsusi xidmət orqanları oturub bu prosesi müşahidə edəcəklər? Təbii ki, yox. İlk hədəf elə Avropanın özü olacaq. Zənnimcə, Qərbin Rusiyanı parçalamaq niyyəti yoxdur. Ola bilsin ki, bu ölkəni qlobal proseslərdən təcrid etmək, başını öz problemlərinə qatmaq istəyirlər. Avrasiya məkanında davamlı sülhə və sabitliyə nail olmağın yeganə yolu Rusiyanın demokratikləşməsidir. Neftin qiymətinin aşağı düşməsi, sanksiyalar və mitinqlər Rusiyanı zəiflədə bilər. Lakin bu proses daha aqressiv və qabarıq şəkildə aparılarsa, Rusiyanın öz sərhədlərindən kənarda müharibəyə başlayacağı ehtimalı daha çoxdur. İranla bağlı vəziyyət Rusiyadan fərqlidir. 2015-ci ildə aparılan siyahıyaalmaya görə, Rusiyada əhalinin 77,45 faizini ruslar təşkil edir. İranda isə əhalinin, rus və Qərb mənbələrində apardığım ümumiləşdirməyə görə, 40 faizini türklər təşkil edir. Bu isə 31 milyon deməkdir. Şübhəsiz ki, Azərbaycanın qonşuluğunda baş verən istənilən hadisə, xüsusilə də böyük dövlətlərin parçalanması ölkəmizə də təsirsiz ötüşə bilməz. Nəhəng dövlətlər, imperiyalar parçalananda qlobal kataklizmlər qaçılmaz olur. Proseslərin müsbət və mənfi məcraya yönəlməsi isə xalqın potensialından, hazırlığından asılıdır”.
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli SSRİ-nin də neftin qiymətinin aşağı düşməsindən sonra dağıldığını qeyd etdi: “İndiyə qədər Rusiyanın dağılması barədə çox adam proqnoz verib. Xatırladaq ki, Rusiyanın xələfi SSRİ də məhz neftin qiymətlərinin düşməsindən təlatümlərə uğradı və sonu hamıya bəllidir. Putin nə qədər desə ki, sanksiyaların, neftin düşməsinin bizə heç bir ziyanı yoxdur, əksinə, Rusiyanın ÜMD-i gücləndi, korrupsiyaya qarsı son keçirilən sanksiyalaşmamış mitinqlər belə göstərdi ki, sanksiyalar da, neftin qiymətinin düşməsi də rus xalqının cibinə böyük mənfi təsir göstərdi. Rusiyada korrupsiya həmişə olub, bəs niyə indi cəmiyyətdə bu cür narazılıq var? Çünki əvvəlki pullar Rusiyaya gəlmir, bu da artıq özündən xəbər etməyə başlayır. Yəni artıq ”Krım bizimdir", “biz Amerikaya hər yerdə əlcək atırıq, biz Suriyadayıq” siyasəti ilə xalqı razı salıb idarə etmək olmur.
Rusiyada orta sinif var. Və bu orta sinfin imkanı çatır, gedib dünyanı gəzib görsün ki, ölkələri ciddi şəkildə geridə qalıb. Vaxt keçdikcə Rusiyada narazılıq daha da artır. Üstəlik, ənənəvi Şimali Qafqaz problemi. Rus xalqı öz hesabına, dotasiyada bu regionu saxlamaq istəmir. Ruslar açıq söyləyir biz Kadırova, tatar xanı kimi pul ödəyirik ki, sakit dursun. Kadırov isə həqiqətən Çeçenistanda bir xanlıq qurub və istədiyi kimi bu ölkəni idarə edir. Çeçenistanda Rusiya qanunları işləmir. Hələlik Kadırovun sadiqliyi Moskvadan gələn pulun və Putinlə şəxsi dostluğun hesabınadır. Sabah Kreml pulu kəssə və Kremldə başqa adam otursa, Kadırov həmin sadiqliyi göstərəcəkmi? Ümumiyyətlə, bütün imperiyalar sonunda dağılıb, Rusiya da dünyanın sonuncu imperiyası olduğu üçün o da dağılmalıdır və dağılacaq da.
Son proseslər bu hadisəni daha da tezləşdirir. İranda rejimin yumşalması gedir, amma bu ölkənin dağılmasından danışmaq hələ tezdir. İranda rejim dəyişikliyi ola bilər və bu olan halda biz də çalışmalıyıq ki, orda yaşayan 40 milyon soydaşımız fars azlığı ilə bərabər hüquqa malik olsun, İranda demokratik idarəçilik olsun, türk dili də dövlət dili elan edilsin. Və İran demokratik, konfederasiya üsul-idarəsi ilə idarə edilsin. Regionun qarantına gəldikdə isə, əsla Rusiyanı regionun qarantı hesab etmirəm, əksinə, regionda bütün müharibələr, milli qarşıdurmalar, etnik təmizləmələrin arxasında Kreml durur. Ərazi bütövlüyü problemləri ilə Moskva postsovet ölkələrini artıq 30 ilə yaxındır şantaj edir. Onun üçün də şər imperiyası adlandırılan SSRİ-nin varisi Rusiyanın tezliklə dağılması və oradakı milli respublikalar, nəhəng regionların nəhayət ki müstəqillik əldə etməsi, nəinki region, bütün dünya üçün ancaq xeyir ola bilər".