Misir prezidenti və ABŞ dövlət katibinin Türkiyəni hədəfə alan açıqlamaları narahatlıq yaradır...
Misir prezidenti Əbdülfəttah əs-Sisi Qətərə tətbiq olunan embarqonun Türkiyəyə qarşı da tətbiqini təklif edib. Qətər və körfəz ölkələri arasında gərginliyin azaldılması üçün Misirə səfər edən Bəhreyn kralı ilə görüşən Hamad bin İsa əl Xəlifə ilə görüşündə prezident Sisi oxşar blokadanın Türkiyəyə qarşı tətbiq olunmasını istəyib. O, bununla Qətərin əsas dəstəkçisi olan Türkiyənin cəzalandırılacağını düşünür.
Ancaq aydın məsələdir ki, 2013-cü ildə baş verən hərbi çevrilişdən sonra Türkiyə və Misir arasında münasibətlər kəskin şəkildə pisləşib. Türkiyə Misirin devrilmiş prezidenti Mursini dəstəkləyib və çevrilişi qınayıb. İndi isə Misirin də daxil olduğu ölkələr qrupu Qətərə embarqo tətbiq edib və təcrid vəziyyətinə salmağa çalışır. Misir də bu vəziyyətdə Qətərin ən yaxın müdafiəçisi olan Türkiyənin cəzalandırılması ilə həm də Ankaradan qisas almağa çalışıb.
Əlbəttə, Türkiyənin açıq şəkildə Qətərin yanında yer alması, hətta embarqodan dərhal sonra Qətərə əsgər göndərmək haqqında qanunu ratifikasiya etməsi ərəb ölkələrində ciddi narazılıq doğurub. Son günlər Səudiyyə Ərəbistanı və BƏƏ mediası Türkiyəni ittiham edən yazılara ara vermir.
Ancaq Sisinin çağırışının qəribə tərəfi onunla üst-üstə düşən başqa bir açıqlama idi. Sisinin bu təklifi mediada yayıldığı vaxt ABŞ dövlət katibi Reks Tillersonun Türkiyə haqqında başqa bir açıqlaması tirajlayırdı. ABŞ dövlət katibi bildirib ki, “Müsəlman Qardaşlar” (İxvan) hökumətlərin bir hissəsinə çevrilib. Və buna misal olaraq Türkiyə və Bəhreyn dövlətini qeyd edib. Onun sözlərinə görə, məhz bu səbəbdən “İxvan”ı terrorçu olaraq tanımaq çətinləşib. Tillerson deyib ki, bu səbəblərdən Qətərə qarşı embarqo tətbiq edən ölkələrin “Müsəlman Qardşlar” təşkilatını terrorçu elan etməsi bölgədə sabitliyi pozacaq. Konqresdə etdiyi çıxışında Tillerson Türkiyə və Bəhreyn parlamentlərində “ixvan”çıların olduğunu deyib. Eyni zamanda deyib ki, müsəlman aləmində 5 milyondan artıq üzvü olan “ixvan” içərisində radikallar olsa da, hamısı belə deyil. Bu səbəbdən də ABŞ dövlət katibi bütün “ixvan”çıları terrorist adlandırmağa qarşı olduqlarını deyib.
Ancaq aydın məsələdir ki, hər nə qədər ütülü ifadə olmasına baxmayaraq Tillerson dövlətin ən üst mərtəbəsində yer alan birinin Türkiyə hakimiyyətini “ixvan”la bağlaması sıradan hadisə deyil. Məsələ ondadır ki, Qətərə qarşı körfəz ölkələrinin əsas ittihamlarından və tələblərindən biri də “İxvan”la olan əlaqələrinin dayandırılması və bu təşkilatın üzvlərinin (terrorçu siyahısına salınıblar - K.R.) deportasiya edilməsi tələbi var. Qətər bu tələbi yerinə yetirməkdən imtina edir. Ancaq indi məlum olur ki, ABŞ dövlət katibi Qətərin ən yaxın dəstəkçisi Türkiyə iqtidarını da “ixvan” hesab edir və bunu açıq şəkildə ifadə edir. Bu isə Türkiyənin açıq da olmasa hədəf göstərilməsidir. Çünki Türkiyə Qətərin yaxın müttəfiqi, əsas müdafiəçisidir.
Bundan başqa, Qətər eyni zamanda Türkiyə iqtisadiyyatının əsas sərmayəçilərindən biridir. Bəzi məlumatlara əsasən hazırda Türkiyə iqtisadiyyatında 19 milyard dollar Qətər sərmayəsi dolaşır. Bundan başqa qətərli iş adamları, hakim ailə nümayəndələri Türkiyədə inşaat, turizm və digər sahələrə iri həcmdə yatırımlar qoyub. Yəni hazırda Türkiyə və Qətər bölgədə iki ən yaxın müttəfiqdir.
Bilindiyi kimi, hazırda Qətər körfəz ölkələrinin faktiki olaraq mühasirəsi altındadır. Körfəz ölkələri Qətəri terrorizmi maliyyələşdirməkdə, terrorçuları himayə etməkdə ittiham edir. Hazırda Qətərlə dəniz və hava dəhlizləri qapadılıb, quru sərhədi bağlanıb. Faktiki olaraq blokada altında olan Qətər Türkiyə və İran kimi ölkələrdən ərzaq yardımı alır.
Maraqlıdır ki, iki gün əvvəl mediada Qətərin ABŞ-la 12 milyard dollarlıq silah satışı müqaviləsi imzalanıb. Vaşinqton Dohaya “F-15" qırıcıları satacaq. Ancaq aydın məsələdir ki, bu silah anlaşması Qətərin özünü düşmənlərdən qorumaqdan daha çox, onun Vaşinqtonla arasını düzəltmək addımıdır. İndiki Qətər əmirinin atası böhrandan dərhal sonra Vaşinqtona səfər edib və burada siyasi dəhlizlərdə danışıqlar aparır. Qətərin Amerikadan silah alması bu mənada Vaşinqtonu yumşaltmaq cəhdidir. Belə görünür ki, Doha indi buna nail olub, baxmayaraq ki, ABŞ prezidenti Tramp Qətəri açıq şəkildə terrorizmi maliyyələşdirməkdə ittiham etmişdi.
Məhz Vaşinqton anlaşmasından sonra Səudiyyə Ərəbistanı XİN rəhbəri Adil əl-Cubeyr deyib ki, Qətərə ərzaq yardımı etməyə hazırdırlar. Belə görünür ki, Qətər hələlik Vaşinqtonla anlaşıb və özünü qoruya bilib. Ancaq məhz Qətərin Vaşinqtonla anlaşdığı gün dövlət katibi Tillersonun və Misir prezidentinin Türkiyəni hədəf göstərən açıqlamaları təsadüfə bənzəmir. Bir sıra türkiyəli ekspertlər də Vaşinqton və ərəb müttəfiqlərinin növbəti hədəfinin Türkiyə ola biləcəyindən narahatdır.
Bu mövzunun böyüməməsi belə, Ankaraya qarşı ittihamlar onun Yaxın Şərqdəki müstəqil siyasət kursunu zədələyir. Türkiyə əvvəlki kimi çoxsaylı müttəfiqləri ilə birlikdə hərəkət etmir. Hətta Amerikanın Suriyanın şimalında kürdlərlə birgə hərəkət etməsindən Ankara faktiki olaraq Suriyada yalnızlşdırılıb. Bu vəziyyət Ankaranı Moskva və Tehrana tərəf itələsə də, Tillersonun “Ankaranın Moskvaya yaxınlaşmasından narahatıq” deməsi onu göstərir ki, Vaşinqton Suriyada Ankara-Moskva-Tehran üçbucağından narazıdır.