SON DƏQİQƏ

“Nə sülh, nə savaş” vəziyyəti nə vaxtadək davam edəcək...

Tarix:21-06-2017, 12:16

Minsk Qrupu həmsədrlərinin son səfəri də nəticəsiz sayılır; ekspertlər “yorucu müharibə taktikası”nı şiddətləndirmək təklifi verdi


ATƏT-in Minsk Qrupu həmsədrləri iyunun 19-da Bakıda oldular, Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi ilə görüşdülər. Həmsədrlər bundan öncə Ermənistanda və Dağlıq Qarabağda olmuşdular. Onlar bölgəyə səfərləri və keçirdikləri görüşlərlə bağlı ortaq bəyanat yayıblar. Bəyanatda, həmişəki kimi, ümumi cümlələr yer alır.


Buna baxmayaraq, bəyanatdakı iki fikir ekspertlərin diqqətini cəlb edib. Birinci fikirdə deyilir ki, həmsədrlər Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırırlar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto “hakimiyyətinə” də ünvanlayıblar.


Ekspertlərin qənaətincə, bu cümlələrdən belə anlaşıla bilər ki, həmsədrlər hər tərəfi məsuliyyətli olmağa çağırırlar. Ancaq vasitəçilər vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adını çəkiblər. Bu o deməkdir ki, həmsədrlər atəşkəsin pozulmasına görə ilk növbədə Azərbaycanın məsuliyyət daşıdığı görüntüsünü yaratmaq istəyirlər.


Bəyanatdakı ikinci fikrə gəlincə, həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağırıblar. Bu cümlə isə o deməkdir ki, həmsədrlər tərəflərin danışıqlardakı passivliyindən narazıdırlar. Onlar bu cümlə ilə məsuliyyətdən yaxa qurtarmağa çalışırlar.


Həmsədrlərin səfər günlərində isə cəbhədə yenidən gərginlik yaşandı və artmaqdadır. Belə ki, Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verdi. Şəhidimizin qisasını almaq üçün görülən qətiyyətli cavab tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edildi və düşmən ordusunda yaralıları da oldu. Cəbhədəki gərginliklə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat yaydı...


ATƏT-in Minsk Qrupu həmsədrləri isə yenə də müharibənin yolverilməz olduğunu bəyan etməklə Qarabağ məsələsində “nə sülh, nə savaş” vəziyyətinin möhkəmlənməsində maraqlı olduqlarını nümayiş etdirirlər. Bəs bu savaş vəziyyətinin sonu necə görünür? Azərbaycan bu vəziyyəti dəyişmək üçün nə etməlidir?


Politoloq Qabil Hüseynli “SonXəbərlər”ə bildirdi ki, həmsədrlərin bölgəyə son səfərləri də uğursuz oldu: “Problem ondadır ki, yaranmış vəziyyətə hələ də obyektiv qiymət verilmir. Söhbət Ermənistanın təcavüzündən və bu təcavüz nəticəsində yaranan vəziyyətdən gedir. Minsk Qrupu həmsədrləri isə bu vəziyyəti düzgün dəyərləndirmirlər. Ermənistan təcavüzkar dövlətdir. Həmsədrlər təcavüzkardan danışırlar, lakin bir dəfə olsun ad çəkmirlər. Azərbaycan təcavüzə məruz qalan ölkədir. Lakin həmsədrlər bunu açıq şəkildə dilə gətirmirlər. Ermənistan-Azərbaycan münaqişəsindən danışırlar, amma münaqişəyə siyasi qiymət vermirlər, onun anatomiyasını düzgün açmırlar. İşğalçı tərəf də bundan sui-istifadə edir və beləliklə, nə sülh-nə savaş vəziyyəti yaranıb. Müharibə başlanmasına əngəl yaratmağa çalışırlar, lakin Azərbaycan sülh imkanlarının tükəndiyinə tam əmin olduqda gec-tez öz ərazi bütövlüyünü bərpa etmək üçün silaha əl atmaq məcburiyyəti qarşısında qalacaq. Yəni vəziyyətin bu cür davam etməsi, nə sülh-nə müharibə vəziyyətinin qalması bölgədə partlayışa meylli daha qorxulu vəziyyət yaradır. Ona görə də ATƏT-in Minsk

Qrupu həmsədrləri bölgənin qana çalxanmasını istəmirsə, öncə ədalətli olmalı, işğalçını adı ilə çağırmalı və sülhə məcbur etməlidirlər”.


Konfliktoloq Əvəz Həsənov isə bildirdi ki, ATƏT-in Minsk Qrupunun özü də Dağlıq Qarabağ danışıqlarında demək olar bir girova çevrilib. Ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqlar prosesi keçən ilin aprel hadisələrindən sonra faktiki olaraq dalana dirənib: “Yəni sentyabrdan bu yana xarici işlər nazirlərinin təmaslarını nəzərə almasaq, demək olar ki, yüksək səviyyədə heç bir danışıqlar getmir. ATƏT-in Minsk Qrupu özbaşına heç nə planlaşdıra bilmir və Azərbaycan-Ermənistan rəhbərliyi danışıqlara getmirsə, ATƏT-in Minsk Qrupunun da danışıqları sürətləndirməsi çox çətin olacaq. Demək olmaz ki, müəyyən mənada danışıqların aparılmaması və bu sükutun yaranmasının səbəbi tərəflərin nədəsə razılığa gəlməsidir. Azərbaycan və Ermənistan Dağlıq Qarabağ məsələsində heç nəyə razılaşmayıblar. Məhz tərəflər razılaşmadıqları üçün də cəbhədə bu gərginlik hiss olunur. Nə sülh-nə savaş vəziyyəti budur. Bu gərginliyin cəbhədə nə qədər davam edəcəyini demək çox çətindir. Cəbhədəki gərginliyin böyük müharibəyə çevrilməsi də hazırda mümkünsüz görünür. Ola bilsin ki, yaxın zamanlarda keçən ilin aprel ayında olduğu kimi 2-4 günlük gərginlik olsun”.


Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da vəziyyətin təhlükəli həddə çatdığını bildirib: “Azərbaycanda müharibə ritorikasının güclənməsi bir siqnaldır, yəni ya məsələ ilə ciddi məşğul olun, erməniləri yola gətirin, ya da müharibə qaçılmazdır. Hesab edirəm ki, indiki mərhələ çox vacibdir”.


Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, son günlər cəbhə xəttində baş verən məlum olaylar bədnam qonşularımızda çox böyük ruh düşkünlüyü və əsəbi atmosfer yaradıb. Belə bir vəziyyət Ermənistanda 2017-ci ilin əvvəlində yaşanmışdı, bir də indilərdə. Cəbhədə verdikləri ciddi itkilər dolayısı hiss olunur ki, ermənilərdə bir psixoz atmosfer hökm sürür. Bunun davamını mütləq gətirmək lazımdır. Özü də, cəbhənin ayrı-ayrı istiqamətlərində: “ATƏT, BMT hamısı boş və mənasız qurumlardır. Nə vaxt bu beynəlxalq təşkilatlar öz nizamnamələrinə, qəbul etdikləri sənədlərə əhəmiyyət verəcəklər, onda biz Azərbaycan dövləti və ictimaiyyəti olaraq onlara hörmətlə yanaşarıq. Hələliksə bu qurumlar sırf erməni və havadarlarının maraqlarına uyğun hərəkət sərgilədiklərinə görə biz öz bildiyimizi etməliyik. Yəni işğalçı dövlətin əsgər və zabitlərini məhv etməklə onları çaşqın vəziyyətə salmalıyıq. Bunu etmək üçün isə müdafiə naziri general-polkovnik Zakir Həsənov yerlərdəki hərbi hissə və birləşmələrin komandirlərinə lazım olan göstərişləri verməlidir. Onsuz da düşmənlə təmas xəttində göz qırpmadan xidmət aparan əsgər və zabitlərimiz qarşı tərəfin bütün hərəkətlərini izləməkdə davam edirlər. Sadəcə, o igidlərimizi həvəsləndirmək lazımdır ki, onlar əvvəlkindən də daha şövqlə düşmənə qarşı sarsıdıcı zərbələr vursunlar.


Azərbaycanın imkanlı insanları da hazırkı məqamda öz əsgər və zabitlərini, özü də Silahlı Qüvvələr günü öncəsi mənəvi və maddi həvəsləndirsələr çox gözəl olardı. Onsuz da bizim düşməni “başa salmaq” üçün ən uyğun və optimal yollarımızdan biri məhz onu davamlı şəkildə məhv etməyimizdir. Bunu mənasız və prespektivsiz danışıqlara çox vaxt itirdiyimizdən daha müasir və optimal yol hesab edirəm. Müharibə etməyə, torpaqlarımızı güc yolu ilə azad etməyə hələ ki böyük dövlətlər imkan vermək istəmirlər. Ona görə də təklif edirəm ki, bu üsuldan istifadə edək və tez bir zamanda bunun necə gözəl effekt verəcəyinin şahidi olacağıq. Bu deyilənləri yerinə yetirməklə yanaşı, ön xətdə olan komandir və rəis heyətlərimiz də şəxsi heyətin həyatını qorumaq üçün bəzi əlavə tədbirləri həyata keçirməlidirlər. Sözsüz ki, son günlər verdikləri itkiləri və bundan sonra üzləşəcəkləri durumdan çıxmaq üçün namərd və xain qonşularımız bəzi addımlar atmağa hazırlaşırlar. Ona görə də tez bir zamanda, elə bu saatlarda, bugünlərdə Ermənistanın Silahlı Qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindəki bütün canlı qüvvə və texnikası məhv edilməlidir".


“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə hesab edir ki, yeni yaranmış vəziyyətdə Azərbaycan yeni Qarabağ strategiyasını formalaşdırıb: “Həmsədrlərin son səfəri də göstərir ki, vasitəçilər Ermənistanı ”mərhələli həll" planını ehtiva edən sülhə məcbur etmək istəmirlər. Masa üzərində sülh imkanları getdikcə tükənir. Digər tərəfdən, genişmiqyaslı müharibənin müəyyən riskləri də var, çünki ən azı Rusiya ötən ilin aprelində olduğu kimi müharibəni dayandırmaq üçün tərəflərə təzyiq edəcək. Ona görə də mövcud şəraitdə rəsmi Bakı yeganə alternativdən istifadə edir: İşğalçıya qarşı yorucu müharibəni genişləndirmək. Nədir yorucu müharibə? Düşmənin Dağlıq Qarabağ ətrafındakı canlı qüvvəsi və hərbi texnikası daima hədəfdə olmalı, düşmən hər gün və hər saat itkilərlə üzləşməlidir. Azərbaycan silahlanmaya ona görə milyardlarla dollar xərcləməyib ki, atəşkəsə riayət etsin. Azərbaycan istər-istəməz işğalçıya qarşı aldığı müasir silahlardan istifadə etməlidir. Rusiyanın özü Suriyadakı müharibəyə ona görə qoşuldu ki, əlindəki çoxsaylı silahları döyüş şəraitində yoxlaya bilsin. Bunu Rusiya prezidenti Vladimir Putin müsahibələrində gizlətmir. Əlindəki silahları döyüş şəraitində sınaqdan keçirmək üçün Azərbaycanın Rusiyadan daha çox əsası var. Çünki torpaqlar işğal altındadır və danışıqlar nəticə vermir. Heç bir dövlət Azərbaycan ordusunu Ağdam və ya Füzulidəki postları hədəf götürməsinə görə tənbeh etmir, edə də bilməz Çünki bütün dövlətlər, o cümlədən Rusiya həmin ərazilərin Azərbaycana aid olduğunu qəbul edir".


Politoloq onu da qeyd etdi ki, Ermənistan mürəkkəb vəziyyətdədir. Rəsmi İrəvan bir tərəfdən Dağlıq Qarabağ ətrafındakı ərazilərdə postlar yerləşdirib ki, Azərbaycan ordusu irəliləyə bilməsin, digər tərəfdən həmin ərazilərdə itkiləri artır və bu itkiləri kompensasiya etmək əhalisi azalan Ermənistan üçün çətindir: “Atəşkəs dövrü bitib. Bunu Ermənistan da anlayır. Ermənistan ordusunun Dağlıq Qarabağ ətrafında itkiləri getdikcə artacaq. Təzyiqi davam etdirməyə Azərbaycanın həm insani, həm də hərbi resursları var. Yorucu müharibə Ermənistanın resurslarını azaldır və bu faktor Ermənistanda müxtəlif qüvvələr və ictimaiyyət arasında narahatlıq yaradır. Azərbaycanın yorucu müharibəni işğalçıya diktə etməkdə əsas məqsədi də elə budur”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN