Vaşinqton Şimali Koreya dilemması qarşısında
“ABŞ lazım gələrsə, nüvə silahları və ballistik raket proqramlarının qarşısını almaq üçün Şimali Koreyaya qarşı hərbi gücdən istifadə edə bilər”. Bu barədə ABŞ-ın BMT-dəki təmsilçisi Nikki Heyli bildirib. Eyni zamanda o, Vaşinqtonun Şimali Koreyaya qarşı yeni sanksiyalar irəli sürəcəyini deyib.
ABŞ hökuməti Şimali Koreyanın raket sınaqlarının BMT TŞ-nin qadağalarına zidd olduğunu bəyan edib. ABŞ-ın BMT-dəki təmsilçisi deyib ki, Pxenyanla diplomatik həll yolları sürətlə qapanır. Və əlavə edib ki, Vaşinqton özünü və müttəfiqlərini qorumaq üçün bütün imkanlardan istifadə edəcək. Onlardan biri də hərbi gücdür.
Qeyd edək ki, Şimali Koreya 1970-ci illərdən uzaqmənzilli raketlər əldə etməyə başlayıb. 1984-cü ildə raket sınaqlarına start verib, 2006-cı ildə isə “nüvə dövləti” olduğunu elan edib. Pxenyanın nümayiş etdirdiyi yük maşınına yerləşdirilmiş “KN-08" raketləri 3 mərhələli uçuş həyata keçirərək 11 500 km məsafəni vura bilmək qabiliyyətindədir. ”KN-14" raketləri isə 10 min km məsafəni vura bilir. Ancaq bu raketlər hələlik sınaqdan keçirilməyib. İyulun 4-də Şimali Koreya qitələrarası raket sınağı keçirib. Dövlət televiziyası sınağın uğurlu olduğunu, “Hwasong-14" raketinin ”dünyanın istənilən nöqtəsini vura biləcəyini" bəyan edib. BBC-nin məlumatına görə, ABŞ ekspertləri bu raketlərin imkanlarının deyildiyi qədər olmadığını, amma ABŞ-ın Alyaska ştatını vura biləcəyini qeyd edirlər. Şimali Koreya bundan 5 il əvvəl, 2012-ci ildə “KN-08" və ”KN-14" adlı qitələrarası raketlərin sınağını keçirib.
Son sınaqlarla faktiki olaraq Şimali Koreya dünyaya yeni “toxunulmaz güc” olduğunu nümayiş etdirib. Çünki qanadlı qitələrarası raketlər və nüvə başlıqları bir qayda olaraq dövlətlərin qoruyucu qalxanı hesab olunur. Ancaq ABŞ Şimali Koreyanın nüvə dövləti olmasına qarşıdır və bunun üçün lazımi addımları atıb. Uzun müddət Şimali Koreya ABŞ-ın və onun Uzaq Şərqdəki müttəfiqlərinin bir nömrəli təhlükə qaynağı olub. Yeri gəlmişkən, Şimali Koreya ABŞ-ın 41-ci prezidenti Corc Buş tərəfindən “şər üçbucağı” adlandırılan 3 ölkədən biridir. 2002-ci ildə, 11 sentyabr hadisələrindən 4 ay sonra prezident Corc Buş İran, İraq və Şimali Koreyanı “şər üçbucağı” adlandırıb. Həmin vaxtdan az sonra, yəni 2003-cü ildə ABŞ İraqı işğal edib. Sonrakı illərdə isə Şimali Koreya və İran ABŞ-ın müharibə elan etməyə hazırlaşdığı ölkələr olub.
Ancaq həmin vaxt ABŞ ordusunun İraq və Əfqanıstanda “ilişib qalması” Vaşinqtonun “şər üçbucağı” ilə hesablaşmasını ertələdi. Hətta 2006-2007-ci illərdə ABŞ ordusu İrana hava zərbələri endirməyə yaxın olsa da, şərtlər uyğun olmadı və açıq hərbi müdaxilə baş vermədi. Bunun bir səbəbi də o idi ki, o zaman ABŞ kəşfiyyatı İranın nüvə proqramını dayandırdığını bəyan etdi. Sadəcə, dinc nüvə zənginləşdirilməsi prosesinin davam etdirildiyini açıqladı.
2006-cı ildə Şimali Koreya nüvə silahı əldə etdiyini bəyan etdi. ABŞ bu açıqlamaya ciddi təpki göstərsə də, Yaxın Şərqdəki vəziyyət və Buşun reytinqinin kəskin düşməsi ABŞ-ın daha bir ölkəyə hərbi müdaxilə başlamasına imkan vermədi. 2008-ci ildə isə iqtidara demokratlar partiyası və onun lideri Barak Obama gəldi. Üstəlik, dünyada başlayan iqtisadi böhran, Rusiya ətrafında gərginlik, Gürcüstan müharibəsi və təsirləri dünyanın diqqətini “şər üçbucağı” ölkələrindən yayındırdı.
Ancaq maraqlıdır ki, “şər üçbucağı”na daxil olan və hərbi müdaxilənin ən az ehtimal edildiyi Suriya ilk hədəfdə oldu. “Ərəb baharı” gedişində Dərada başlayan kiçik etirazlar tezliklə Suriyada vətəndaş müharibəsinə çevrildi və 6 ildən sonra ölkənin faktiki olaraq 4 hakimiyyətlilik, eləcə də dərin xaos və böhran girdabında batması ilə nəticələndi. Hazırda Suriya demək olar ki, dağılıb və yenidən bərpa olunması və sabitliyini əldə etməsi üçün illər lazım olacaq.
İran isə 2015-ci ildə ABŞ və Qərb ölkələri (“altılıq” Almaniya və BMT TŞ üzvü ölkələr) ilə nüvə anlaşması imzalamaqla gərginliyi böyük ölçüdə yumşaltsa da, Trampın iqtidara gəlməsi ilə Vaşinqton-Tehran münasibətləri yenidən gərginləşib. Ancaq indi Amerikanın İrana hərbi müdaxiləsi ehtimal olunmur - baxmayaraq ki, İsrail və körfəz ölkələri bunun üçün uzun müddətdir Vaşinqtona təzyiq edir. Lakin müşahidəçilərə görə, İsrail hazırda Livanda İranın dəstəklədiyi “Hizbullah”a qarşı yeni müharibəyə başlayır. Bilindiyi kimi, “Hizbullah” 2006-cı ildə İsrail ordusuna qarşı 33 günlük savaş zamanı ağır zərbələr vurub və eyni zamanda faktiki olaraq Suriyaya əsgər göndərməklə Bəşər Əsədin iqtidarda qalmasını təmin edib. İsrailin Livanda yeni hərbi əməliyyatlara başlaması, eyni zamanda İranın bölgədə təsir gücünə zərbə vurmaq məqsədi daşıyacaq. Bu mənada indi Suriyada İran və ABŞ arasında açıq olmasa da, gizli müharibə gedir.
İndi isə “şər üçbucağı”nın 3-cü ölkəsi olan Şimali Koreya ilə qarşıdurma var. Vaşinqtonda düşünürlər ki, Şimali Koreyanın qitələrarası ballistik raketlərə və nüvə başlıqlarına sahib olması bütövlükdə regionla yanaşı, ABŞ-ın özü üçün də ciddi təhdid deməkdir. Doğrudur ki, Şimali Koreyanın nüvə sınaqları BMT TŞ-nin qərarlarına ziddir, Pxenyana qarşı BMT-nin hərbi müdaxilə qərarı verməsi mümkün deyil. Çünki Çin və Rusiyanın ABŞ-ın hərbi müdaxiləsinə imkan verəcəyi inandırıcı deyil. Ötən müddətdə Şimali Koreyaya qarşı müdaxilənin təxirə düşməsinin səbəblərindən biri də budur. Şimali Koreya mövzusu ABŞ üçün sözün həqiqi mənasında ciddi başağrısına çevrilib. Vaşinqton Pxenyanın nüvə dövlətinə çevrilməsini həzm etmək istəmir. Ancaq eyni zamanda regionda böyük fəlakət riski olan müharibəyə də risk edə bilmir. Apreldə Tramp hərbi gəmiləri Koreya sahillərinə göndərəndə bir çox ekspertlər ABŞ-ın Koreyanın hərbi obyektlərini vurması ehtimalından danışırdı, ancaq Şimali Koreya rəhbərliyi hər dəfə Amerikanı böyük müharibə ilə hədələyir.