SON DƏQİQƏ

Partiya sədrindən Rusiya gəmilərinin Bakıya gəlişi haqda açıqlamalar

Tarix:26-07-2017, 14:43

Əli Əliyev: “Gələn ayın 1-də başlanacaq təlimlər üçün 10 gün öncədən Bakıya üzməyə nə ehtiyac vardı?!”


Rusiya Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Qrad Sviyajsk” kiçik raket gəmisi və “SB-45" xilasetmə yedək gəmisi iyulun 23-də Bakıya gəlib. Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, gəmilərin səfəri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək ”Dəniz Kuboku-2017" beynəlxalq yarışlarında iştirak etmək məqsədi daşıyır. Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi gəmilərinin iştirak edəcəyi yarışlar avqustun 1-dən 11-dək keçiriləcək.


Xatırladaq ki, bu, Rusiya hərbi gəmilərinin son illərdə Bakı sahillərinə ilk gəlişi deyil. Keçən ilin sentyabrında Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının komandanı, kontr-admiral Sergey Pinçukun rəhbərliyi ilə “Uqliç” kiçik raket gəmisinin Bakıya rəsmi səfəri olmuşdu. Rusiya nümayəndə heyəti Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşmüş, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində olmuş, eləcə də “ADEX-2016" 2-ci Beynəlxalq Müdafiə Sərgisində iştirak etmişdilər. Gəminin şəxsi heyəti mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintiyə çıxmaqla yanaşı, futbol üzrə yoldaşlıq görüşü də keçirmişdilər.


2013-cü ilin avqust ayında isə Rusiya prezidenti Vladimir Putin Azərbaycana rəsmi səfərə hərbi gəmi ilə gəlmişdi. O vaxt bu, ekspertlər tərəfindən birmənalı qarşılanmamışdı. İndi Rusiya hərbi gəmisi yenidən Azərbaycana gəlib. Bu dəfə isə beynəlxalq yarış məqsədilə gəldiyi rəsmi məlumatlarda deyilir.


Bu hadisəni yalnız yarış məqsədli tədbir saymaq olarmı? Yoxsa siyasi, hərbi mesajları da özündə daşıyır?


Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev hesab edir ki, gəmilərin gəlişi idman tədbiri ilə əlaqəli gəliş kimi əsaslandırılsa da, Xəzəryanı ölkələrdən məhz Azərbaycanın seçilməsinin özü suallar yaradır. Əli Əliyev qeyd etdi ki, burada şübhəsiz siyasi məqamlar və mesajlar kifayət qədərdir: “Rusiya donanması gəmilərinin imperiyanın Andreyev bayraqları altında Bakı buxtasına son gəlişi 2013-cü il prezident seçkiləri zamanı baş tutmuşdu. Nəzərə alaq ki, dövlətlərin sahil sularına daxil olan zaman gəmilərin bayraqlarının endirilməsi beynəlxalq sazişlərdə təsbit olunmuş normadır. Lakin o günlərdə ruslar bunu etməmişdilər.”


Partiya sədri xatırlatdı ki, o zaman da Bakı limanına Rusiya hərbi gəmilərinin lövbər atmasının səbəbi kimi hansısa təlimləri göstərirdilər: “Hesab edirəm ki, bu, idman tədbiri pərdəsi altında əzələ nümayişi məqsədi güdə bilər. Gəmilərin də gəlişini bununla izah etmək olar. Yoxsa gələn ayın 1-də başlanacaq təlimlər üçün 10 gün öncədən Bakıya üzməyə nə ehtiyac vardı? Niyə məhz Bakıya, Ənzəliyə, yaxud Qazaxstan limanlarına deyil? Maraqlıdır, deyilmi? Bax bu sualların cavablarında çox məsələlər yatır”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN