SON DƏQİQƏ

Partiyaların yay həyatı - onlar isti fəsildə dincəlir, yoxsa...

Tarix:2-08-2017, 10:30

Siyasi təşkilatların əksəriyyəti prezident seçkilərinə hazırlaşdıqlarını deyirlər...

Yay fəslində insanların daha çox istirahətə üstünlük verməsi bir çox sahələrə, eləcə də siyasi təsirsiz ötüşmür. Xüsusilə də seçki olmadığı illərdə bu süstlük daha dərin formada müşahidə edilir. Ekspertlər hesab edirlər ki, yay aylarında havaların isti keçməsi ilə əlaqədar demək olar ki, bütün dünyada oxşar hal baş verir. Lakin buna baxmayaraq, siyasi-ictimai təşkilatlar fəaliyyətlərini tam dondurmur və müəyyən addımlar atırlar.

Bəs ölkənin müxalifət partiyaları yay aylarında hansı fəaliyyətlə məşğuldurlar? Onlar isti fəsildə məzuniyyətə gedir, yoxsa fəaliyyətlərini davam etdirirlər?

Öncə qeyd edək ki, heç digər fəsillərdə də ölkədə müxalifətin fəaliyyəti nəzərəçarpacaq dərəcədə hiss olunmur. Özlərini ana müxalifət hesab edən partiyanın rəhbərləri sıravi vətəndaşlar kimi sosial şəbəkələrdə müxtəlif iqtisadi-siyasi hadisələrə yalnız statuslar vasitəsilə reaksiya verirlər.

Картинки по запросу ADP sədri Sərdar Cəlaloğlu

ADP sədri Sərdar Cəlaloğlu “Sonxeberler.info”ya bildirib ki, partiya olaraq hər gün işlərinin başındadırlar: “Hər həftə toplantılarımız olur və hər gün də yoldaşlarımız işlərinin başındadırlar. Ramazan ayında bir aylıq məzuniyyətə çıxdıq, daha sonra yenə də əvvəlki qaydada hər kəs işinin başına döndü. Seçkilərə gəlincə isə bu, Azərbaycanda formal olduğu üçün biz də elə bu cür hazırlaşırıq. Yəni nəzəri olaraq seçkilər keçirilərsə, biz də iştirak edərik, ya da bir namizədi dəstəkləyərik. Ancaq faktiki olaraq ciddi bir proses yoxdur ki, biz də ona indidən ciddi şəkildə hazırlaşaq, resurslarımıza yenidən baxaq. Biz seçkilərdə istənilən halda iştirak edəcəyik. Ancaq hansı formada və qaydada iştirak edəcəyiksə, o məsələ də seçkiqabağı situasiyadan asılı olacaq. Müxalifət bir araya gəlib, ortaya vahid namizəd çıxaracaqsa, biz təbii ki, prosesdən kənarda qalmayacağıq və çalışacağıq ki, iştirakçı olaq. Yəni prezident seçkiləri ilə bağlı hazırlığımız nəzəri bir səviyyədədir”.

Картинки по запросу VİP sədri Əli Əliyev

VİP sədri Əli Əliyev bildirib ki, yay aylarında və seçki olmayan ildə partiyalardan yüksək fəallıq tələb etmək bir qədər ədalətsizlikdir:

“Yay mövsümü adətən fəaliyyətin səngiməsi ilə müşahidə olunur. Doğrudur, bizim ənənəvi olaraq nəzərdə tutulan seçkilərin hamısının başlanğıcı yay mövsümünə təsadüf edir. Bu seçkilər olmadıqda isə fəaliyyət mövsümə uyğun olaraq həm isti, həm də məzuniyyətlər səbəbindən bir qədər səngimiş kimi görünür. Nəticədə yay mövsümündə partiyalar adətən cari fəaliyyətlə məşğul olurlar. Hakimiyyət də seçkilərin başlanğıcının yay aylara düşməsini təsadüfi olaraq seçməyib. Çünki bu, həm siyasi fəallığın aşağı olması, həm də insanların istirahətə getməsi ilə əlaqəlidir. Bu il də görünür ki, seçkilər olmayacaq və ona görə də fəaliyyət zəif müşahidə olunur. Buna baxmayaraq, biz gələnilki seçkilərə hazırlıqla bağlı işlərə başlamışıq. Dəfələrlə bildirmişik ki, bu il də seçkinin olmasını nəzəri baxımdan mümkün sayırıq. Hazırda qurultaydan sonrakı dövrdə biz, imza toplamada iştirak edən üzvlərimizin kimliyini müəyyənləşdirib, onların partiyada hazırkı statusunu aydınlaşdırmağa çalışırıq. Bununla yanaşı, cari fəaliyyətimiz də davam edir və təşkilatı işlərimizi nəzarətdən keçiririk. Çalışırıq ki, strukturlarımızı bir daha təftiş edək. Əgər seçki gələnilki təqvimlə keçiriləcəksə, əvvəlki təcrübədən çıxış edərək, daha faydalı olması üçün tədbirlər görürük. Yayda seçki olmayan dövrdə partiyalardan yüksək fəallıq tələb etmək, bir qədər ədalətsizdir. Çünki bütövlükdə cəmiyyətin özü yatan fazaya keçmiş kimi görünür”.

Картинки по запросу Ağ Partiyanın sədri Tural Abbaslı

Ağ Partiyanın sədri Tural Abbaslı qəzetimizə bildirib ki, yay aylarında siyasi fəaliyyətin passivləşməsi təbii haldır:

“Ənənə halını alıb ki, bu aylarda insanların böyük əksəriyyəti istirahətə çəkilirlər. Dünyada da yay ayları siyasi fəaliyyətin passivlik dönəmi hesab olunur. Biz yeni yaranan partiya olaraq çalışırıq ki, davam edək. Çünki bizim məzuniyyət, istirahət kimi bir komfortumuz yoxdur. İşləyirik, partiya daxili sturukturların yaradılmasına, yeni üzvlərin cəlb olunmasına çalışırıq. Sosial şəbəkələrdə, cəmiyyətdə partiyanın adının duyurulması, mövqeyinin sərgilənməsinə çalışırıq. Həmçinin digər partiyaların rəhbərləri, aktivləri ilə də ünsiyyətdə oluruq. Demək olar ki, hər həftə digər partiyaların aktivləri ilə bu və ya digər formada görüşlərimiz olur. Daha aktiv fazaya keçənə qədər bu fəaliyyətimiz mətbuatda işıqlanmır. Yəni daha çox daxili siyasət kimi olur. Ancaq işləyirik və yayın da bitməsinə bir ay zaman qalıb. Sentyabrdan proseslərə uyğun olaraq davam edəcəyik”.

KXCP sədrinin müavini Xəzər Teyyublu isə bildirib ki, partiya rəhbərləri məzuniyyət götürüblər. Onun özü də məzuniyyətdə olduğu üçün partiya daxilində hansı proseslərin getməsindən xəbərsiz olduğunu bildirdi.

Картинки по запросу Ümid Partiyasının sədr müavini Tamilla Qulami

Ümid Partiyasının sədr müavini Tamilla Qulami qəzetimizə bildirib:“Bildiyiniz kimi, 2018-ci il prezident seçkiləri ilidir. Lakin keçirilən referenduma sonra seçkilərin nə zaman baş tutması dəqiq deyil. Buna baxmayaraq, biz öz təşkilatlanma işlərimizi davam etdiririk. Hazırda seçkilərlə bağlı qurultay öncəsi rayon təşkilatları hər həftə toplanıb, müzakirələr aparırlar. Ötən həftə də biz rayon təşkilatlarımızdan birində olduq. Ola da bilər ki, biz hansısa partiyalarla əməkdaşlıq edib, seçkilərə qatılaq. Partiya olaraq qatılmağa qərar verdikdə isə təbii ki, namizədimiz İqbal Ağazadə olacaq. Ümumilikdə yay ayları olmasına baxmayaraq, partiyamızda fəaliyyət dayanmayıb”.

Картинки по запросу Samir Əsədli

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, partiya gündəlik fəaliyyəti ilə məşğuldur:

“Nizamnaməyə uyğun olaraq fəaliyyət göstəririk. Həm qurultay öncəsi konfranslar keçirilir, həm də aparat işçilərimiz, rəhbərlik yay istirahətindədir. Bu ay mərkəzi icra aparatının əməkdaşları da yay məzuniyyətinə buraxılıblar. İlin sonunda ehtimal ki, partiyamızın qurultayı keçiriləcək. Prezident seçkiləri ilə bağlı danışmaq isə düşünürəm ki, hələ tezdir”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN