Elxan Şahinoğlu: “Vaşinqton Rusiyanın müxtəlif yollarla Bakıya da artan təzyiqindən narahatdır...”
Ötən həftə ABŞ-ın vitse-prezidenti Maykl Pensin qonşu Gürcüstana səfər etməsi və bu ölkənin təhlükəsizliyinə qarantiya verməsi Azərbaycanda da gündəm yaratdı. Pens açıq şəkildə Rusiya tərəfindən zəbt edilən Abxaziya və Cənubi Osetiyanın işğalının ölkəsi tərəfindən tanınmayacağını bildirərək, Kremlə meydan oxudu.
Gürcüstan kimi əraziləri Rusiyanın dəstəyi ilə ermənilər tərəfindən təcavüzə məruz qalan Azərbaycanın da təhlükəsizliyinə ABŞ-ın qarantiya verə biləcəyi ilə bağlı fikirlər meydana çıxıb. Belə ki, Cənubi Qafqazdan Rusiyanı sıxışdırıb, burada möhkəmlənməyi qarşısına məqsəd qoyan Birləşmiş Ştatların Azərbaycan kimi önəmli bir ölkəyə böyük ehtiyacı var. O ölkəyə ki, Rusiya tərəfindən daim təhlükəsizliyinə təhdidlər var. Digər tərəfdən, yerləşdiyi mövqeyə, enerji resurslarına görə ölkəmiz Qərb dünyası üçün çox önəmlidir.
Politoloq Elxan Şahinoğlu Gürcüstanın Qərblə əməkdaşlığa üstünlük verdiyini söylədi: “ABŞ Cənubi Qafqaz ölkələrindən Gürcüstanla əməkdaşlığa üstünlük verir. Bu da ondan irəli gəlir ki, Gürcüstan 2000-ci illərdən başlayaraq xarici və təhlükəsizlik siyasətində Qərblə, əsasən də Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığa üstünlük verir. Rusiyanın 1990-cı illərdə Abxaziya və Cənubi Osetiya separatçılarına verdiyi dəstək Tiflisi Moskvadan məsafə saxlamağa məcbur etdi. Halbuki, o illərdə Gürcüstan prezidenti olan Eduard Şevardnadze indiki qədər Qərbə meyl etmirdi. Mixail Saakaşvili prezident seçildikdən sonra birmənalı şəkildə bəyan etdi ki, Gürcüstan NATO və Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoyub. Vaşinqton Gürcüstanın yeni prezidentini və bu ölkənin NATO-ya üzv olmaq təşəbbüsünü dəstəklədi. Gürcüstan NATO-nun 2008-ci ildəki sammitində Şimali Atlantika Blokuna üzvlüyünə çox yaxın idi, ancaq Vaşinqtonun dəstəyinə baxmayaraq, Paris və Berlin Gürcüstan və Ukrayna üçün NATO-ya üzv olmasının hələ tez olduğunu vurğuladılar. Bəlkə də Gürcüstan və Ukrayna 2008-ci ildə NATO-ya üzv olsaydılar, Rusiya sonrakı illərdə Gürcüstanı və Ukraynanı parçalamağa risk etməzdi. Rusiya 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanı rəsmən işğal etdikdən sonra Qərbin sanksiyaları ilə üzləşmədi. Ancaq bu işğalı ABŞ unutmadı və Gürcüstana dəstəyini artırdı. Amerika-Gürcüstan münasibətləri tarixində Corc Buş Gürcüstanı ziyarət edən ilk Amerika prezidenti oldu. Üstündən 9 il keçdikdən sonra iki ölkə tarixində daha bir yenilik yaşandı: Bu dəfə ABŞ vitse-prezidenti Maykl Pens Tiflisə getdi və elə oradaca bəyan etdi ki, Konqresin Rusiya əleyhinə qəbul etdiyi sanksiya barədə qanun layihəsini prezident imzalayıb”.
Politoloq Amerikanın Gürcüstanla yanaşı, Azərbaycana da önəm verdiyini deyir: “Amerika prezidentlərindən və vitse-prezidentlərindən kimsə Azərbaycana rəsmi səfər etməsə də, Vaşinqton Gürcüstanla yanaşı, Azərbaycana da önəm verir. Rəsmi Bakı Tiflisdən fərqli olaraq qarşısına NATO üzvlüyünü hədəf qoymasa, bölgədə oynadığı rol və Rusiyadan yan keçən əsas nəqliyyat və enerji layihələrinin baş iştirakçısı səbəbindən Vaşinqtonun dəstəyini alır. Vaşinqtonda onu da anlayırlar ki, Azərbaycanın siyasi və iqtisadi baxımdan güclü olması Gürcüstanın da güclü olması deməkdir. Digər tərəfdən, Vaşinqton Rusiyanın müxtəlif yollarla Azərbaycana da artan təzyiqindən narahatdır. Ermənistan Rusiyaya güvənərək Tovuz və Qazax istiqamətdə bizim mövqeləri vurur, insanlarımızı hədəf alır. Mütləq bunun cavabı elə həmin istiqamətlərdə verilməlidir. Əks halda, İrəvan elə biləcək ki, biz Rusiya-Ermənistan hərbi qoşun birliklərindən çəkinirik və ondan çəkinirik ki, prosesə Rusiya qarşı deyə seyrçi qalacağıq. Rusiya Azərbaycana mümkün olan pisliyi edib, vaxtilə Dağlıq Qarabağ və ətraf rayonların işğalında Ermənistana dəstək verib. İndi də Moskva erməniləri bütün sərhəd boyu təxribatlara həvəsləndirir. Mən illərdir ”Türkiyə ilə hərbi ittifaqı yeni mərhələyə qaldırmaq, qardaş ölkənin hərbi bazalarını Azərbaycanda yerləşdirmək üçün Ankara ilə danışıqlara başlamaq lazımdır" deyərkən elə bu günü nəzərdə tuturdum. Hərbi ittifaqın qarşısında başqa hərbi ittifaq dayanmalıdır. Qətər kimi dövlət belə gələcəkdə başına gələ biləcəkləri nəzərə alaraq, ərazisində ABŞ-la yanaşı Türkiyənin hərbi bazalarını yerləşdirdi. Bir də Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliyi birgə açıqlama yayaraq Ermənistanın Rusiyanı müharibəyə qatmaq prosesinin yaxşı nəticə verməyəcəyi haqqında indidən Moskvanı xəbərdar etməlidir. Rusiya ilə Amerika arasında necə balansa üstünlük vermək olar ki, birinci dövlət işğalçıya dəstəyini artırır, erməni separatçılarıın arxasında dayanıb, ikinci dövlət isə bölgədə güclü və regional layihələrini inkişaf etdirən Azərbaycandan yanadır?"