Toğrul İsmayıl: “İki ölkə arasında böhranın tamamilə aradan qaldırıldığını demək çətindir...”
Rusiya-Türkiyə münasibətlərinin bərpasından bir il keçdi. Əslində tamamilə bərpadan da söhbət gedə bilməz. Sadəcə, ötən il avqustun 9-da 9 ay davam edən böhrandan sonra iki ölkə lideri Sankt Peterburq şəhərində görüşmüş və bununla da aradakı buzların əriməsi mesajı verilmişdi.
Xatırladaq ki, son illərdə xeyli istiləşən Rusiya-Türkiyə münasibətləri Suriya münaqişəsində iki ölkənin əks cəbhələrdə yer alması ilə soyuqlaşdı. 2015-ci ilin payızında isə Rusiya Suriyaya ordu göndərərək rəsmən münaqişəyə qatıldı və Türkiyənin də dəstəklədiyi qüvvələri hədəfə almağa başladı. 2015-ci il noyabr ayının 24-də Türkmən Dağı bölgəsində müxalif silahlıları bombalayan Rusiya təyyarəsi Türkiyə qırıcıları tərəfindən vuruldu. Bu hadisə iki ölkə arasında münasibətləri gərginləşdirdi və tarixə “təyyarə böhranı” olaraq düşdü. Rusiya Türkiyə ilə bir sıra sahələrdə əlaqələri kəsi, o cümlədən rusiyalı turistlərin Türkiyəyə səfərləri ləğv olundu, Türkiyə vətəndaşlarına viza tətbiq olundu, eləcə də bir sıra məhsullarına Rusiyaya gətirilməsi yasaqlandı.
Münasibətlərin istiləşməsi istiqamətində ilk addım 2016-cı ilin 12 iyununda - Rusiya günü Türkiyə prezidentinin Putinə məktubu ilə atıldı. Ardınca isə avqustda baş verən səfər barışığın rəsmiləşdirilməsi oldu. Ancaq iki ölkə formal olaraq barışsalar da, bir sıra sahələrdə problemlər hələ də qalır.
Politoloq, TOBB Universitetinin dosenti Toğrul İsmayıl deyir ki, bir ildə ciddi dəyişikliklər olmasa da, ilk növbədə yaşadığımız bölgəyə istiqrar gəldi: “Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından bir il keçdi. Bu bir il ərzində nələr oldu? Əsas onu deyək ki, iki ölkə münasibətlərinin normallaşması yalnız bu iki ölkə deyil, Azərbaycan və Qazaxıstan kimi ölkələr üçün önəmlidir. İlk növbədə bölgəyə istiqrarın gəlməsinə səbəb oldu”.
Eskpertin sözlərinə görə, normallaşma prosesinin başlaması ilə iki ölkə arasında dialoqun bərpa olunması, ikili münasibətlərin getdikcə daha doğru müstəvidə hərəkət etməsi müşahidə olunur: “Rusiya və Türkiyə dövlət başçılarının Sankt-Peterburq görüşünün yerini xüsusi qeyd etmək lazımdır. Çünki bu görüş iki ölkə münasibətlərinin düzəlməsi istiqamətində mühüm məsələlərin müzakirəsi ilə yadda qaldı. Bu görüş iki ölkə münasibətlərinin yaxşılaşması, aradakı buzların əriməsinə səbəb oldu. Vacib olan ilk növbədə iki ölkə hökumətləri arasında dialoqun əldə olunması idi, bu da olmuşdu. Amma başqa bir məsələyə də baxmaq lazımdır”.
Ancaq ekspert deyir ki, bu hələ ilk cəhddir. Hələlik münasibətlərin tamamilə düzəlməsindən danışmaq tezdir. Çünki ortada hələ həllini tapmamış çoxlu sayda problemlər var: “Münasibətlərin böhrandan öncəki halına gəldiyini demək hələ tezdir. Çünki o zaman Rusiya Türkiyə vətəndaşlarına vizasız sistem tətbiq edirdi, hər hansı məhdudlaşdırma qərarı yox idi. Hələ də məhdudiyyətlər və viza tətbiqi davam edir.
Əlbəttə bəzi sanksiyaların hələ də ortadan qalxmaması ikili münasibətlərdə qarşı tərəfin də müəyyən məhdudiyyətlər tətbiq etməsinə səbəb olacaqdır. Necə ki son günlərdə Türkiyə pomidorlarının hələ də Rusiya bazarına girə bilməməsi cəmiyyətdə, xüsusən də ixracatçılar arasında narazılıqla qarşılanır. Düşünürəm ki, bu məsələ həll olunmadıqca iki ölkə münasibətlərində problemlərin olduğunu deyə bilərik. Digər məsələlərdə, o cümlədən, enerji sahəsində əməkdaşlıq davam edir.
İkili münasibətlərin inkişaf etdirildiyi digər sahə hərbi sənaye sahəsidir. İki ölkə bu sahədə əməkdaşlıqda maraqlıdır. Xüsusən də son günlərdə əsas gündəm mövzusu olan S-400 Hava Hücumundan Müdafiə komplekslərinin satın alınması ilə bağlı danışıqlar sürətlənir".
T.İsmayıl hesab edir ki, vəziyyətin hələ də tam düzəlməməsində Rusiyanın rolu var: “Moskva diktə edən tərəf kimi çıxış edir. Bu da yumşalma porsesini daha da yavaşladır. Qeyd etdiyimi kimi, böhran öncəki vəziyyət olmasa da, münasibətlər yavaş-yavaş normallaşma yolundadır. Yəni ötən bir ili dialoqun davam etməsi kimi müsbət xarakterizə edə bilərik. Ancaq iki ölkə arasında böhranın tamamilə aradan qaldırıldığını deyə bilmərik. Çünki əsas mövzulardan biri Suriya münaqişəsi ilə bağlı tərəflər arasında fikir ayrılığı davam edir. Rusiya israrla öz siyasətini tətbiq etmək istəyir. Çünki Rusiya münasibətlərin düzəlməsini Türkiyənin Rusiyanın siyasətinə güzəştə getməsi olaraq görür. Bunu da açıq şəkildə dilə gətirirlər. Amma bu doğru deyil. Çünki Rusiya yalnız qarşı tərəfin güzəştə getməsini tələb edir. Bu da Moskvanın hələ də ”soyuq müharibə" düşüncəsindən azad olmadığını göstərir. Halbuki Türkiyə müstəqil dövlətdir və onun da öz maraqları və mənfəətləri var. Bu mənada ümid edirik ki, bir daha böhran yaşanmaz və problemlər həllini tapar. Çünki əks halda, bu vəziyyətdən bütövlükdə region əziyyət çəkir".