Siyasi şərhçi Orxan Qafarlı: “Ankara Rusiyanın bu siyasətini görür, ancaq...”
Xəbər verdiyimiz kimi, sentyabrın 25-də Şimali İraq kürd administrasiyası müstəqillik referendumu keçirməyə hazırlaşır. Bu barədə qərarı kürd muxtariyyətinin lideri Məsud Bərzani elan edib. Ancaq Bərzaninin müstəqillik referendumu qərarı birmənalı qaşılanmayıb. Artıq ABŞ, İran və Türkiyə dövlətləri rəsmi açıqlama ilə çıxış edərək referendum qərarına qarşı çıxıblar.
Lakin Bərzani inad edir. Kürd lider referendumun zamanının yetişdiyin, kürdlərin müstəqillik qərarı verməsi üçün seçim etməsi üçün uyğun vaxtın gəldiyini bildirib. İraq kürdlərinin bu qərarı bölgədə yeni münaqişə ocağının yaranacağı təhlükəsi yaradır.
Siyasi şərhçi Orxan Qafarlı deyir ki, Şimali İraqda Kürdistan dövlətinin qurulması üçün seçilən zaman Yaxın Şərq regional güclərini daha çox narahat edir.
Ekspertin fikrincə, Türkiyə, İran və digər ölkələr bu prosesin domino effekti verəcəyi və regionda status-kvonun ortadan qalxacağından narahatdır: “Yoxsa hər kəs bilir ki, Şimali İraqda yeni dövlətin qurulması qaçılmazdır və bunun qarşısını gələcəkdə almaq mümkün olmayacaq. Şimali İraqda müstəqillik referendumunun keçirilməsi qərarı Rusiyanın enerji şirkətlərinin bu muxtar vilayətdə yerləşməsindən sonra ortaya atıldı. Burada diqqət çəkmək istədiyim məqam Şimali İraqda qurulması istənən yenə dövlətin Rusiya maraqlarını diqqətə almasıdır. Lakin ”bu işin arxasında ruslar var" demək çətindir. Bu gün Şimali İraqda yeni bir dövlətin qurulması məsələsində qlobal bir konsensus olmadığının şahidiyik. Lakin Qərbdəki siyasi dairələrin də bu məsələdə səssiz qalması diqqətdən qaçmamalıdır. Aşağı səviyyəli diplomat və hərbçilərin bəyanatları mühüm deyil".
Suriya kürdləri ilə bağlı vəziyyətə gəldikdə, O.Qafarlı deyir ki, Suriya kürdləri ilə bağlı Türkiyə və Rusiya arasında hələ də fikir ayrılığı qalmaqdadır. Məsələ ondadır ki, ABŞ və Türkiyə Suriya kürdləri mövzusunda ciddi fikir ayrılığına sahibdirlər. İndi Ankara Suriyada daha çox İran və Rusiya ilə əməkdaşlıq etməyə çalışır. O.Qafarlı deyir ki, hazırkı situasiyada Rusiya Suriya kürdləri ilə əməkdaşlıqda, onların sülh prosesinə daxil edilməsində maraqlıdır: “Bir qədər əvvəl Rusiyanın yeni səfiri bir açıqlama verdi və YPG-nin Rusiya tərəfindən bir terror təşkilatı olaraq tanınmadığını bəyan etdi. Eyni zamanda Rusiya xarici işlər naziri Lavrov, Astana və Cenevrə prosesinə PYD-nin də qatılmasını istəyir. Bu istək yeni deyil, Rusiya həmişə PYD-nin sülh danışıqlarına əlavə olunmasını istəyib. Amma bu dəfə zamanın seçilməsi maraqlıdır. Çünki Türkiyənin Afrini bombalaması və ya cavab atəş açdığı bir dövrdə Rusiya eyni zamanda səssiz qalır”.
O.Qafarlının fikrincə, Rusiyanın burada səssiz qalmaqda məqsədi Afrində PYD güclərini Əsədlə əməkdaşlığa məcbur etməkdir: “Yəni bir tərəfdən Türkiyəni PYD-yə göz dağı vermək üçün təzyiq vasitəsi olaraq görür, digər tərəfdən, PYD ilə Əsəd rejimi arasında vasitəçilik edir. Eyni zamanda Afrin üzərindən Kobaniyə diqqətli ol mesajları verir. Çoxtərəfli bir diplomatiya ilə PYD-ni sülh danışıqlarına qataraq Astana və Cenevrədə təsirini gücləndirirmək istəyir. Amma bunu söyləmək istəyirəm ki, Rusiya ilə PYD arasında etibarsızlıq mühiti meydana gəldiyini də düşünürəm. Ankara Rusiyanın bu siyasətini görür, ancaq burada önəmli olan kürd koridorunun formalaşmasının qarşısını almaqdır. Ankaranın Rusiya, İran və Türkiyə arasında bu mövzuda əməkdaşlığı zədələmək niyyəti yoxdur”.