ABŞ tarixinin ən qalmaqallı prezidentlərindən biri ilk yarım ildə ölkəsinə və dünyaya nə verdi?
Donald Trampın prezidentliyinin 6 ayı tamam olur. Seçkidən əvvəl çoxlarının ABŞ prezidenti kimi görə bilmədiyi biznesmen Donald Trampın seçkidə qalib gəlməsi “ABŞ-a və dünyaya belə bir şəxsin prezidentliyi nə verəcək? Fəlakətlər, yoxsa uğur gətirəcək?” kimi sualları da özü ilə gətirmişdi. Artıq onun prezident kimi fəaliyyətə başlamasından yarım il keçdi. Trampın hakimiyyətinin ilk yarımili ölkəsinə və dünyaya nə verdi?
Politoloq Əhəd Məmmədli bildirdi ki, Donald Tramp 6 aylıq prezidentliyi dövründə daxili müxalifətinin bütün siyasi, informasiya və sair vasitəsilə ona qarşı açdığı savaşı dəf etməklə məşğuldur: “Son 6 ayda indiyə qədər görmədiyimiz şəkildə, Amerikanı idarə edən çevrələrin bir-birinə qarşı elan edilməmiş informasiya müharibəsinin şahidi oluruq. Trampı dəstəkləyən yeni elita ilə ona qarşı çıxan ənənəvi elitanın kəskin qarşıdurmasından söhbət gedir. Bunun sonda nə ilə nəticələnəcəyini indidən söyləmək düzgün olmazdı. Xarici siyasətdə də böyük bir dəyişikliklər görmürük. Rusiya ilə münasibətlərdə gözlənilən istiləşmə, ”perezaqruzka" baş vermədi. Əksinə, Tramp Rusiyaya qarşı yeni sanksiyalara imza atdı. Ola bilsin daxili basqılara görə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına doğru getməyə Tramp hələ risk etmir. Bütün bunlardan irəli gələrək söyləmək olar ki, Trampın 6 aylıq prezidentlik dövrü böyük ölçüdə hələlik Amerikaya müsbət, dünyaya da mənfi heç nə verməyib. Ümumilikdə götürdükdə isə Trampın 6 aylıq prezidentlik dövrü hələlik daha çox skandallarla yadda qalır. Onun oğlunun belə, rus kəşfiyyatı ilə əlaqədə olduğu göstərilir. Düzdür, bu, inandırıcı görünmür. Trampın problemsiz, qalmaqalsız bir günü keçmir. Bu da, əlbəttə, onun reytinqinə ciddi surətdə təsir göstərir. Hakimiyyətinin ilk 6 ayında onun reytinqi xeyli dərəcədə aşağı düşüb. Rusiya ilə əlaqələri barədə araşdırmalar aparılır. İmpiçment təhlükəsi var".
Ekspert onu da qeyd etdi ki, Trampın hakimiyyətə gəlişindən sonra Avropa ilə anlaşılmazlıq davam edir. İranla münasibətlərdə vəziyyət isə kəskinləşdi. Qətər düyünü yaradıldı: “Bütün bunlara və yuxarıda qeyd etdiklərimizə nəzər salsaq, Donald Trampın 6 aylıq prezidentlik dövrü daha çox mənfi məqamlarla yadda qaldı”.
Politoloq hesab edir ki, bununla belə, Trampın uğur qazandığı məqamlar da var. Bunlardan biri Amerikadakı nəhəng istehsalçılara xaricdə zavod və fabrik açmağa imkan verməməsidir. İstehsalçıları inandırıb ki, həmin fabrik və zavodlar Amerikada açılmalıdır ki, ölkə işçi qüvvəsini itirməsin. Fond birjalarında Amerikanın reytinqi yüksəlib.
Qeyd edək ki, ABC News və “The Washington Post” qəzetlərinin birgə keçirdiyi sorğuda ABŞ-ın 45-ci prezidenti Donald Trampın reytinqinin ürəkaçan olmadığı görsənib. Ağ Evin respublikaçı rəhbərinin əhali arasında cəmi 42%-lik dəstəyi var. Respondentlərin 58%-i isə ona inanmadığını bildirib. Onlardan 48%-i isə ümumiyyətlə prezidentin siyasətinə qatı neqativ münasibət ifadə ediblər. ABŞ-ın dünya siyasətində mövqelərinin zəifləməsi əhalinin bu sahədə də ona etimadını olduqca azaldıb.
Ən maraqlısı isə Trampın iqtisadi və sosial addımlarına göstərilən reaksiyadır. Prezidentin Barak Obamanın gətirdiyi sığorta sistemini dəyişdirməklə bağlı mövqeyini, sadəcə, 24%-lik ultramühafizəkar qrup dəstəkləyir. Ümumiyyətlə, əhalinin 55%-i Trampın qarşıya qoyduğu məqsədlərin heç birinə nail olmadığını hesab edib.
Bildirilir ki, prezidentin bir çox məsələlərdə komanda üzvləri ilə anlaşa bilməməsi artıq daha xaotik xarakter almağa başlayıb. Ağ Evin bütün cəbhə boyu edilən hücum qarşısında kor-koranə müdafiə mövqeyinə çəkilməsi hüquq xidmətlərinə sərf edilən məsrəfləri də artırıb.
Trampın hər zaman qürrələndiyi iqtisadiyyat sahəsində də əhalinin ona inamsızlığı diqqət çəkir. ABŞ Konqresinin büdcə idarəçiliyi ilə bağlı keçən həftənin şənbə günü yaydığı yekun nəticə prezidentin iqtisadi planlarını da suya düşürüb. Sənəddə Ağ Evin büdcə kəsirini ləğv etmək barədə verdiyi proqnozların üstündən xətt çəkilib.
Bundan başqa, Konqres prezidentin iqtisadi böyümənin 3%-ə qədər artacağı barədə ümidlərini puç edib. Son göstəricilər böyümə rəqəmlərini 2%-in altında olduğunu göstərib.
Beləliklə, Tramp administrasiyasının gələcək on ildə 5,6 trilyon dollarlıq məsrəflərdən qurtulmaq, habelə büdcədə profisit əldə etmək barədə sözlərinin boş vədlərdən ibarət olduğu aşkara çıxıb. Trampın seçkiöncəsi verdiyi 60 vədindən vur-tut 16-na əməl edə bildiyi qeyd olunur.
İndi Trampın Ağ Evdə 3 il yarımı qalıb və bu müddətdə onun adını Amerika tarixinə salacaq işlər görməyə hələ bir xeyli vaxtı var. Hələliksə o, Amerika tarixinin ilk 6 aylıq prezidentlik müddətlərinin ən aşağı reytinqli Ağ Ev sahibləri sırasındadır.
Trampın prezident kimi elə bir ciddi uğuru olduğu barədə ekspertlər tutarlı faktlar ortaya qoya bilmirlər. Qeyd edilir ki, yeni prezidentin özünün və komandasının strateji planı sanki yoxdur. Bu da onun reytinqinə mənfi təsir göstərir.