“Hökumət adamları uğurlu gənclər siyasətindən danışanda onları dartıb televizya ekranından çıxartmaq və əyalətlərdə, elə mərkəz Bakının gecəqondularında yaşayan gəncləri göstərmək istəyirsən. Gənclər siyasəti 5-10 nəfər hakimiyyətə tərif deyən gənclərlə ölçülmür. Azərbaycan gənci rəngarəngdir, çoxdur və müxtəlif fikirlərin daşıyıcılarıdır. Onların böyük bir hissəsi müxalif düşüncəlidir. Amma, təbii ki, uğurlu gənclər siyasəti deyiləndə onlar nəzərdə tutulmur”.
Bu sözləri, yeni yaradılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deyib.
O, qeyd edib ki, ölkədə heç bir uğurlu gənclər siyasətindən söhbət belə gedə bilməz: “Əgər bir gənc 100-200 manatlıq iş gəzib tapa bilmirsə, hansı uğurdan danışaq? Bir gəncin evi yoxdursa, yaxud ev almağa, kredit götürməyə, ipotekaya girməyə imkanı yoxdursa, nə uğur? Əgər o gənc gözləri qamaşdıran, haram pullarla, rüşvətlə tikilən məmur villalarını görüb köks ötürürsə, o villada başıqapazlı fəhlə işləyirsə, nə uğurbazlıq...
Bir gənc ali təhsil alandan sonra da gedib fəhlə işi axtarırsa, nə uğurbazlıqdır... Əgər bir gənc sevdiyi qızı heç olmazsa, bir dəfə normal bir kafeyə apara bilmirsə, ona ətir və gül hədiyyə edə bilmirsə, nə uğur? Əgər bir gəncin gələcəyə ümidi yoxdursa və ölkəni tərk edib Almaniyada, Fransada yaşamaq istəyirsə, nə uğurbazlıq… Əgər bu gün gənclər müxalifətin piketlərində, mitinqlərində şəkil çəkdirib ölkədən gedib xaricdə yaşamaq istəyirsə nə uğur...
Gedin, kəndlərdə yaşayan gənclərin vəziyyətinə baxın. Gedin, işsizlikdən, ümidsizlikdən narkomana çevrilən, iynə vuran gənclərə baxın. Gənclər bu ölkənin gələcəyidir, torpaq uğrunda ölən şəhidlərdir. Onlara münasibəti dəyişəcəyik”.
Razi Nurullayev sonda qeyd edib ki, 2018-ci il AXCP üçün siyasi dəyişiklik ili olacaq və bu dəyişikliyə nail olub, gənclərin də həyatını dəyişəcəyik.