SON DƏQİQƏ

Ali məktəblərin statusunun dəyişməsi nəyi dəyişəcək...

Tarix:23-06-2017, 11:55

Kamran Əsədov: “Bu Azərbaycan ali məktəblərinə yeni nəfəs verəcək”

BDU və İqtisad Universitetinin statusu dəyişdirildi. Bu barədə bir neçə gün öncə prezident İlham Əliyev sərəncam imzalayıb. Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu alıb. Xatırladaq ki, bundan öncə Mühəndislər Universiteti və ADU (Azərbaycan Dillər Universiteti) publik hüquqi şəxsə çevrilmişdi. Statusunun dəyişməsi bu universitetlərə dövlət büdcəsindən dotasiyanı dayandırmaq və daha artıq müstəqillik verməklə, inkişafı üçün münbit şərait yaradır.
Maraqlıdır, bu universitetlərin publik hüquqi şəxsə çevrilməsi və onlara dövlətdən dotasiyanın dayandırılması universitetləri inkişafa aparacaqmı?

 

Təhsil Şurasının sədri Əjdər Ağayev universitetlərə bu funksiyanın verilməsinin təqdirə layiq olduğunu bildirdi: “Mühəndislər Universiteti də yaranan gündən publik hüquqi şəxs statusundadır. Təhsilin inkişafı üzrə layihələr həyata keçirilir və xüsusən də ali təhsilin inkişafında müəyyən hərəkət hiss olunmaqdadır. Burada bir cəhət var ki, dövlət məktəblərindən söhbət gedir. Dövlət məktəblərində büdcə vəsaiti əsasən dövlətin hesabına olur. Bu universitetlərə prezident vaxtı ilə muxtariyyət də vermişdi. Muxtariyyət olaraq onlar öz problemlərini özləri həll edə bilər və muxtar olaraq hər hansısa bir işi həyata keçirə bilərlər. Amma indi publik hüquqi şəxs statusu verilməklə bu universitetlərin özəllik xüsusiyyətləri artırılır. Artıq bu hüquqi şəxs olaraq öz maraqlarını özü qurur, öz fəaliyyətinin inkişafını özü planlaşdırır və müxtəlif layihələrdən gələn pulu özü istəsə maddi texniki bazanın inkişafını sərf edə bilər, bina tikintisinə sərf edə bilər, müəllimlərin əmək haqqısının artımına sərf edə bilər və bundan əlavə xarici ölkələrlə əlaqə, inteqrasiya məsələlərini müstəqil şəkildə həyata keçirə bilər. İndiyə qədər də müstəqillikləri vardı. Amma burada artıq bir növ özəllərə məxsus xüsusiyyətlər verilir. Yəni hüquqi şəxs kimi öz imkanlarını təhlil edir və qazanclarını müəyyənləşdirir, onun yollarını axtarır, tapır. Mənə elə gəlir ki, belə imkanın verilməsi universitetin özünün özünə inamını artırır. Universitetlərin dünya təcrübəsindən öyrənərək ən qabaqcıl universitetlərlə inteqrasiyasına, təcrübə mübadiləsinə imkanını artırır. Universitetlərin istehsal sahələri ola bilər. Bunlardan gələn gəlirləri də publik hüquqi şəxs olaraq özünün inkişafına sərf edə bilər. Bundan başqa o puldan ən yaxşı tələbələrə mükafatlar verə bilər. Ən yaxşı müəllimləri rəğbətləndirə bilər. Beləliklə istər müəllimin, istərsə də tələbənin marağı yüksələ bilər və burada yaradıcılıq işləri artırıla bilər. Texniki otaqlar düzəldilə bilər ki, ixtiralar, tələbə ixtisasları üzrə müəyyən təşəbbüslər nümayiş etdirə və dəyərləndirilə bilər. Bu da təbii ki, təşəbbüskarlıq, fəaliyyətin genişlənməsi nəticəsində ixtisas keyfiyyətinin artmasına təsir göstərə bilər. Bundan başqa müəllimin keyfiyyətinin artmasına, universitetə marağın artmasına təsir göstərər. Mən ona görə də hesab edirəm ki, universitetlərə bu funksiyanın verilməsi yalnız təqdirə layiqdir və faydalıdır”.

Digər təhsil eksperti Kamran Əsədov bu qərarın ali məktəblərə yeni nəfəs verəcəyini dedi: “İlk növbədə qeyd etmək lazımdır ki, bizdə ali məktəblərin idarə olunması sovetlər dönəmindən qalma prinsiplər əsasında həyata keçirilir. Bu da model kimi dünyada qəbul edilmir. Dünyada reytinq cədvəlində öndə gedən universitetlərin idarəçiliyi daha çevik həyata keçirilir. Bundan başqa publik hüquqi şəxs kimi universitetlərin daha sərbəst maliyyə fəaliyyəti olacaq. İndiki halda onlar hansısa bir maliyyə prosesini həyata keçirmək üçün tabe olduqları yuxarı orqanın razılığını almaq tələb olunur. Amma publik hüquqi şəxs olanda universitetin bu sahədə müstəqilliyi olacaq. Digər tərəfdən, indi universitetin yeganə gəlir mənbəyi tələbələrin təhsil haqları təşkil edir. Lakin publik hüquqi şəxsə çevriləndən sonra digər xidmətlər göstərməsi üçün şərait yaranacaq ki, bu da əlavə gəlir əldə etmək üçün imkan verəcək. Hesab edirəm ki, bu Azərbaycan ali məktəblərinə yeni nəfəs verəcək və qısa müddətdə universitetlərimizin beynəlxalq nüfuzu qalxacaq”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN